Prezident İlham Əliyev ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda mühüm mesajlar verib. Dövlət başçısı 44 günlük müharibədən sonra regionda yaran yeri reallıqlar, geosiyasi vəziyyət, Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşdırılması istiqamətində irəli sürülən təşəbbüslərlə bağlı xarici ekspertləri maraqlandıran suallarını cavablandırıb.

Bunu Teleqaraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat xatırladıb ki, aprelin 28-də Şuşada işinə başlayan və Bakıda davam edən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın ideyası hələ ötən ildən verilib: “Ötən il aprelin 13-də Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda bu təklif irəli sürülüb.

Həmin konfransda iştirakçılar Qarabağda beynəlxalq konfransın keçirilməsini təklif etmişdilər və dövlət başçısı isə bu təklifi müsbət qiymətləndirmişdi. Bu mənada Şuşanın BMT və digər nüfuzlu təşkilatların tədbirlərinin əsas ünvanına, bölgənin diplomatik paytaxtına çevrilməsi qədim Azərbaycan şəhərinin saxta məlumatlar əsasında uzun illər erməni şəhəri kimi tanıtdırılması məqsədilə aparılan çirkin kampaniyaların da iflası deməkdir.

Bu mühüm platforma xarici ekspertlərə postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi baxımından əhəhmiyyətlidir. Həmçinin bölgənin tərəqqisi, təhlükəsizliyi və rifahının təməli kimi Azərbaycanın formalaşdırdığı sülh gündəliyinin müzakirəsi baxımından da əlverişli imkan yaranır”.

Millət vəkili hesab edir ki, beynəlxalq konfransda Prezident bir daha Azərbaycan xalqının sülh və əmin-amanlıq şəraitində yaşamaq istədiyini və artıq sülh sazişinin imzalanmasının vaxtının çatdığını bəyan edib: “Dövlət başçısı deyib ki, artıq belə tədbirlər istər Avropada, istərsə də Rusiya, Türkiyə və Amerikada keçirilə bilər. Bununla da biz ictimai diplomatiyanı, xalq diplomatiyasını başlaya bilərik. Bu cür tədbirlərə hətta Ermənistandan da mütəxəssislər dəvət oluna bilər. Yəni, nifrət deyil, sülh təbliğatçıları olan mütəxəssislər də bu cür tədbirlərə dəvət edilə bilərlər. Yəni, bu, özü gözəl bir bünövrə olar”.

Sevinc Fətəliyevanın fikrincə, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra regionda yeni reallıqlar yaradıb və hamı bu reallıqla hesablaşmalıdır: “Beynəlxalq birlik artıq bu reallıqlarla barışır. BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB bu reallıqları qəbul edib. ATƏT-in Minsk qrupu ilə bağlı Prezident İlham Əliyevin və Azərbaycan ictimaiyyətinin mövqeyi hər kəsə bəllidir.

Artıq ATƏT-in Minsk qrupuna ehtiyac yoxdur. Dağlıq Qarabağ münaqişəsi həll olunduğu üçün heç bir vasitəçiyə ehtiyac qalmayıb. İndiki reallıq odur ki, Azərbaycan beynəlxalq müstəvidə mövqeləri getdikcə möhkəmlənir. Bu amil ölkəmizin regionda yaratdığı reallıqların ardıcıl olaraq həyata keçəcəyini deməyə əsas verir”.