Rusiya Dövlət Dumasının deputatı Aleksandr Şerinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər təxribatdan başqa bir məna kəsb etmir. Bu cür fikirlər müəyyən dairələrin istək və arzularının ifadəsi olaraq ortaya çıxır. Eyni zamanda həmin qüvvələr Azərbaycanla Rusiya arasında olan münasibətləri pozmağa çalışır.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
O qeyd edib ki, hazırkı dövrdə fürsətdən istifadə edən bəzi dövlətlər Azərbaycanla Rusiya münasibətlərini gərginləşdirməyə çalışır: “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanaraq öz ərazi bütövlüyünü təmin edib. Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat imzalayıb. Bu qüvvələr Azərbaycana qarşı təhdid dolu fikirlər səsləndirmək əvəzinə, Ermənistanın Rusiyaya qarşı hörmətsizliyini etiraf etsin. Çünki üçtərəfli Bəyanatın müddəalarının icrasından yayınan Ermənistandır”.
Millət vəkilinə görə, A.Şerinin açıqlaması digər həmkarı Mixail Delyaginin “fikirləri” ilə üst-üstə düşür: “Şerin zaman-zaman Azərbaycan və Türkiyə əleyhinə bəyanatları ilə gündəmə gəlib. Bu mənada Rusiya-Azərbaycan münasibətlərinə kölgə salan, xələl gətirən, terrorçuluğu təbliğ edən ifadələrin sahibləri hüquqi müstəvidə layiqli cavablarını almalıdır. Ölkəmizin milli mənafeyi, təhlükəsizliyi və ərazi bütövlüyü əleyhinə yönələn istənilən təxribat xarakterli fəaliyyətlə bağlı qanunla nəzərdə tutulan tədbirlər görüləcək”.