28 yaşım var. İnsan gərək bəzi şeyləri yaşasın, bəzi yaş həddini keçsin. Mən heç vaxt başımdan yuxarı danışmamışam, yazmamışam.

Bu sözləri Teleqraf.com-a müsahibəsində “ATV Kulis” verilişinin aparıcısı Murad Əzimzadə deyib. Müsahibəni təqdim edirik.

- Murad bəy, bu yaxınlarda “ATV Kulis” verilişinin 1 yaşı tamam oldu. Bu 1 ili nəzərə alsaq, verilişin aparıcısı kimi geridə qalan 1 il ürəyinizcə oldumu?

- Ürəyimcə oldu. Ona görə ki, mövcud şəraitdə, mövcud imkanlarla əlimizdən gələni, hətta daha artığını etməyə çalışdıq. Düşünürəm ki, alınıb.

- Bəzən aparıcılar paralel olaraq bir neçə layihə üzərində işləyirlər. Sizin də başqa layihələriniz varmı?

- Bu mövsum yeni bir layihəyə başlamaq istəyirdim, ancaq “Ögey ana” serialından təklif gəldi. O biri layihəni hələ ki, saxlamalı oldum. Çünki mən bir iş görəndə, özümü tam olaraq o işə həsr edirəm. Yarımçıq qalmasını istəməzdim. Ona görə də, hal-hazırda “Ögey ana” serialında çəkilişlər davam edir. Yəqin ki, bir müddət sonra başqa layihələrim də olacaq.

- Necə bir layihə nəzərdə tutmusuz?

- Bilirsiz, hər kəsin edə biləcəyi layihələri etmək istəmirəm. Bunu qətiyyən özündənrazılıq kimi qəbul etməyin, 10 ildir televiziya sahəsindəyəm, istəyirəm ki, sadə şeylər olmasın.

- Həm veriliş aparmaq, həm də seriala çəkilmək, ikisi də ağır işdir. Vaxtı necə idarə edirsiz?

- Gün ərzində cəmi 4 saat yatıram. “ATV Kulis” verilişində mətnin, ssenarinin yazılmasına, montaj prosesinə, çəkilişlərin təyin olunmasına özüm nəzarət edirəm. Çünki nəzarət etməsəm, istədiyim effekti ala bilmərəm. Bu o demək deyil ki, bizim əməkdaşlarımız zəif işləyirlər, xeyr, kifayət qədər güclü, işinə can qoyan əməkdaşlarımız var, sadəcə, özüm nəzarət etməsəm, o effekt olmaz.

- İdarə etməyi sevirsiz?

- İdarə etmək deyəndə ki, əlimi masaya çırpan adam deyiləm, sadəcə, istəyirəm ki, hər şey yaxşı olsun. Hər şeyin yaxşı olması üçün də gərək işi nəzarətdə saxlayasan.

- İş prosesində sizi nə əsəbləşdirə, özündən çıxara bilər?

- Məsuliyyətsizlik, yalançılıq, fırıldaqçılıq. Ümumiyyətlə, tez əsəbiləşən adamam. Tutaq ki, hansısa günə çəkiliş təyin etmişik, əgər bu, gözlənilməz hadisələrə görə yox, kiminsə məsuliyyətsizliyinə görə baş tutmursa, çox əsəbiləşirəm. Bir də, mənim verilişimə, əməkdaşlarıma, yanımda olan insanlara hörmətsizlik məni əsəbiləşdirir.

- “Ögey ana” serialı aktyor kimi ilk serialınızdır?

- Bəli. İncəsənət universitetini bitirmişəm. Tələbə olanda orda tamaşalarda aktyor kimi fəaliyyət göstərmişəm. Serialda isə ilk dəfədir.

- Başqa seriallardan da təkliflər olurmu? Niyə məhz “Ögey ana” serialını seçdiz?

- Bir neçə serialdan təklif gəlmişdi, ancaq çoxu komediya idi. Məni “Ögey ana” serialına elə bir adam dəvət etdi ki, ona etibar etdim. Serialın quruluşçu rejissoru Sain Qəhrəman şəxsiyyətinə, xarakterinə və işinə hörmət etdiyim insandır. Düşündüm ki, onun gördüyü iş, maraqsız, reytinqsiz olmayacaq. Baxmayaraq ki, mənim rolum baş rol deyil, ancaq serial bitənə qədər varam. “Ögey ana” serialı reytinqdə birincidir. Gündəlik efirdə olub reytinqdə birinci olmaq hər televiziya məhsulunun işi deyil.

- Bu serialdakı obrazınız mənfi obrazdır. Sizin üçün çətin deyil bu obrazda olmaq?

- Yox, əslində mənfi obraz oynamağı elə özüm istəyirdim. Adətən mənə yanağı batan, gülən oğlan, deyirlər, bu da məni qıcıqlandırır ki, niyə hamı mənim haqqımda eyni şeyləri düşünməlidir ki, bu necə yaxşı oğlandı. Ona görə də istədim ki, mənfi rol oynayım, tamaşaçılar görsün ki, sifətim çönə də bilər. Ancaq əslində mən pis adam deyiləm.

- Aparıcılığı və aktyorluğu müqayisə etmək istəməzdim, sadəcə, bilmək istərdim, aktyorluğa alışmaq çətin olmadı ki? Yəni ürəyinizdən gəldiyi üçünmü edirsiz, yoxsa, yoxlayım görüm bu da alınacaqmı deyə?

- Qətiyyən o cür düşünməmişəm ki, qoy, bu işə də cəhd edim, görüm alınırmı. Əgər bir iş ekrana çıxırsa, deməli, orda peşəkarlıq var. Mən öz təcrübələrimi İnstaqramda, Feysbukda edirəm. Ekran təcrübə yeri deyil. Hər şey peşəkar səviyyədə olmalıdır. Aktyorluğa alışmışam. Hətta soruşsaz ki, aparıcılıqmı, yoxsa, aktyorluqmu, mən hər ikisini də eyni dəyərləndirərdim. Deməzdim ki, aparıcılığı aktyorluqdan üstün tuturam. Aktyorluq aparıcılıqdan daha çətindir, daha azaddır, çərçivəsizdir. Yəni sən öz rolunu istədiyin kimi ifadə edə bilirsən. Artıq aktyorluğa elə alışmışam ki, bu, vərdişə çevrilir.

- Bir halda ki, aktyorluq bu qədər xoşunuza gəlib, teatrlardan təklif olsa, qəbul edərsizmi?

- Çox vaxt verilişimdə gənc aktyorlar qonaq olanda onlardan soruşuram ki, niyə teatrlarda yoxsuz, təklif olsa gedərsizmi? Onlar cavab verirlər ki, məvacib az olduğuna görə getmək istəmirik. Mən başa düşürəm, haqlıdırlar, o maaş bugünkü günün xərcləri ilə uyğunlaşmır. Ancaq mən teatrda işləyərəm. Hətta yol pulu xərcimi ödəyən məbləğə də işləyərəm. İstəyərəm ki, bu addımım bütün gənc aktyorlara da örnək olsun. Ona görə ki, peşəkar aktyor olmaq istəyən hər kəsin yolu teatrdan keçməlidir. Növbəti serial təklifi gəlib, yayda çəkiləcək bir filmə də dəvət ediblər, ancaq teatrlardan təklif yoxdur. Serial və filmdən olan təkliflər isə hələ ki, rəsmi olmadığına görə, geniş açıqlama verə bilmirəm.

- Bir neçə il qabaq Feysbukda çox aktiv idiz. Demək olar ki, hər gün sizin paylaşımlarla rastlaşırdıq. Son vaxtlar bu aktivlik hiss olunmur. Bir səbəbi varmı?

- Artıq Feysbuk Azərbaycanda öz aktuallığını itirib. Tamam başqa istiqamətə yönəlik fəaliyyətdədir və o istiqamətdə də mən yoxam. İndi İnstaqram daha aktualdır. Feysbuk öz marağını itirib.

- Son vaxtlar tez-tez qarşılaşırıq, məşhurlar sosial şəbəkələrdə gizli saxladıqları istedadlarını insanlarla bölüşürlər. Biri rəssamlıq edir, biri kitab yazır və s. Bəs sizin hansısa gizli bacarığınız varmı?

- Yox, gizlətdiyim bir şey yoxdur. Bacarığım isə yazmağımdır. Sadəcə, bəzi yazılarım olur, esse, şeir formasında. Hətta bir neçə saytda dərc olunub.

- Kitab çıxartmaq istəyirsizmi?

- Kitab istəyirəm. Ancaq vaxtım və rahatlığım yoxdur. Kitab yazmaq su içmək deyil. Gərək psixoloji rahatlığın ola. Sosial həyatda, ailədə və işdə rahat olasan. Televiziya adamlarının hər biri təsdiqləyər ki, bizim işimiz rahat iş deyil. Narahat və qaçhaqaç işdir. Bəzən heç güzgüyə baxmağa vaxt olmur. Yəqin ki, kitab məsələsi 30 yaşdan sonra mümkün olacaq.

- İndi neçə yaşınız var?

- 28 yaşım var. İnsan gərək bəzi şeyləri yaşasın, bəzi yaş həddini keçsin. Mən heç vaxt başımdan yuxarı danışmamışam və yazmamışam. Yəqin ki, kitabım da başım qədər olacaq. Necə ki, efirdən izləyənlər deyirlər, səmimisən, qoy kitabımı oxuyanda da desinlər ki, səmimisən. 28 yaşda 50-60 yaşlı adam kimi yazsam, deyəcəklər ki, bu başdan-ayağa pafosdur.

Musiqi ilə də məşğulam. Pianinoda ifa edə bilirəm. Yemək bişirməyi bacarıram. Başqa xüsusi bir bacarığım yoxdur. Məsələn, Elon Musk kimi Marsa maşın uçurtmuram.

- Feysbukda qeyd etmişdiz ki, münasibətdə olduğunuz biri var. Bayaq zaman azlığından şikayətləndiz, bəs ona zaman ayıra bilirsizmi? Ümumiyyətlə, toy nə vaxt olacaq?

- 28 yaşım var, təbii ki, münasibətim də olmalıdır. Çünki evin tək uşağıyam, nə bacım var, nə də qardaşım. 10 ildir tək yaşayıram. Tək qalmaqdan da qorxuram. Bəli, Feysbukda qeyd etdiyim kimi, münasibətim var.