ZƏNGİLAN, 24 sentyabr. TELEQRAF
Zəngilan rayonunun Cahangirbəyli kəndində genişmiqyaslı tikinti və abadlıq işləri davam etdirilir.
Bu barədə Teleqraf-ın Qarabağ bürosuna Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Emil Ağazadə məlumat verib.
Onun sözlərinə görə, ilkin mərhələdə 62,5 hektar ərazidə 242 fərdi yaşayış evinin tikintisi həyata keçirilib.
Emil Ağzadə deyib ki, ailələrin tərkibinə uyğun olaraq evlər 2, 3, 4 və 5 otaqlı layihələndirilib. 242 evdən 162-si birmərtəbəli, 80-i isə ikimərtəbəlidir. Hər bir fərdi yaşayış evi həyətyanı sahə və yardımçı tikili ilə təmin olunub.
Kənddə yalnız yaşayış evləri deyil, sosial və ictimai infrastruktur da yaradılıb. Layihə çərçivəsində 264 şagird yerlik orta məktəb, 80 yerlik körpələr evi-uşaq bağçası, inzibati bina, çoxfunksiyalı bina və bazar kompleksi inşa edilib.
Hazırda kənddə yol və kommunikasiya işlərində, eləcə də yaşayış və qeyri-yaşayış obyektlərində son tamamlama və abadlıq işləri aparılır.
Emil Ağazadənin sözlərinə görə, Cahangirbəyli kəndinin uzunmüddətli və təhlükəsiz istismarı üçün yağış və sel sularından mühafizə tədbirləri də nəzərdə tutulub. Bu istiqamətdə layihələndirmə işləri yekunlaşıb və sahədə müvafiq həllərin tətbiqinə başlanılıb.
Bildirilib ki, tikinti prosesində layihə və normativ tələblərə, eləcə də istifadə olunan materialların keyfiyyətinə xüsusi diqqət yetirilir. Ərazidə gündəlik texniki nəzarət həyata keçirilir.
Cahangirbəyli kəndində aparılan işlərin əsas məqsədi 30 ildən sonra öz dədə-baba torpaqlarına qayıdan sakinlərin rahat, təhlükəsiz və müasir şəraitdə yaşayışını təmin etməkdir.