AĞDAM, 31 iyul. TELEQRAF

İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkına mediatur təşkil edilib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, media nümayəndələrinə sənaye parkında fəaliyyət göstərən müəssisələr və həyata keçirilən istehsal prosesi barədə ətraflı məlumat verilib.

İqtisadi Zonaların İnkişafı Agentliyinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Taleh Quliyev bildirib ki, Ağdam Sənaye Parkı rezidentlərin sayına görə ölkənin ikinci ən böyük sənaye parkıdır.

Onun sözlərinə görə, hazırda parkda 30 rezident və 4 qeyri-rezident sahibkarlıq subyekti fəaliyyət göstərir. Bu günədək sənaye parkına 180 milyon manata yaxın investisiya yatırılıb və 1230 daimi iş yeri yaradılıb. Hazırda parkda 12 müəssisə fəaliyyət göstərir, 12 müəssisənin tikintisi davam edir, 10 müəssisə isə layihələndirmə mərhələsindədir.

Taleh Quliyev qeyd edib ki, 2026-cı ilin ilk altı ayında Ağdam Sənaye Parkının rezidentləri tərəfindən 976 milyon manat dəyərində məhsul satışı həyata keçirilib. Bunun 42 milyon manatı ixracın payına düşüb.

Mediatur çərçivəsində jurnalistlər parkın istehsal müəssisələri ilə də tanış olublar. Bildirilib ki, "Construction" MMC ildə 7 min 200 ton yüksək gərginlikli metal elektrik dirəyi istehsal edir. Müəssisəyə 2 milyon 960 min manat investisiya yatırılıb.

"Mister Decor" MMC Cənubi Qafqazda divar kağızı istehsalı üzrə ilk ixtisaslaşmış zavoddur. Müəssisənin illik istehsal gücü 2 milyon 100 min rulon təşkil edir. Zavodda çalışan 50-yə yaxın əməkdaşın böyük əksəriyyəti Böyük Qayıdış Proqramı çərçivəsində Ağdama qayıdan sakinlərdir.

BAFCO İnvest MMC isə illik 510 min cüt xüsusi təyinatlı işçi ayaqqabısı istehsal etmək gücünə malikdir. Bunun 350 min cütünü təhlükəsizlik ayaqqabıları, 160 min cütünü poliuretan çəkmələr təşkil edir. İstehsal olunan məhsulların 65 faizi daxili bazara, 35 faizi isə ixraca yönəldilir. Müəssisə bu ilin ilk yarısında Qazaxıstana 8 min cüt işçi ayaqqabısı ixrac edib.

Qeyd olunub ki, Ağdam Sənaye Parkında istehsal olunan məhsullar ölkənin qeyri-neft sənayesinin inkişafına, ixrac potensialının artırılmasına və Qarabağın iqtisadi dirçəlişinə mühüm töhfə verir.