XOCAVƏND, 29 iyul. TELEQRAF
İşğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış Proqramı çərçivəsində həyata keçirilən bərpa və yenidənqurma işləri Xocavənd rayonunda da sürətlə davam etdirilir.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Quliyeva Teleqraf-ın Qarabağ bürosuna bildirib ki, rayonun Güneyxırman və Quzeyxırman kəndlərində fərdi yaşayış evlərinin, mühəndis-kommunikasiya infrastrukturunun və sosial obyektlərin bərpası mərhələli şəkildə həyata keçirilir:
"Güneyxırman kəndində ümumilikdə 549 fərdi yaşayış evi mövcuddur. Onlardan 379-u yaşayış üçün yararlı hesab olunur. Hazırda 50 ev tam hazır vəziyyətə gətirilib, cari ilin sonunadək isə daha 197 evin istismara verilməsi planlaşdırılır. Kəndə ilk köç iyulun 8-də həyata keçirilib. Həmin gün 18 ailədən ibarət 72 nəfərə yeni bərpa olunmuş evlərinin açarları təqdim edilib.
Quzeyxırman kəndində isə ümumilikdə 447 fərdi yaşayış evi mövcuddur. Onlardan 274-ü yaşayış üçün yararlıdır. Hazırda 100 ev istismara tam hazırdır, ilin sonunadək isə əlavə 244 evin istifadəyə verilməsi nəzərdə tutulur.
İyulun 8-də Quzeyxırman kəndinə də ilk köç reallaşdırılıb. İlk mərhələdə 21 ailədən ibarət 87 nəfər uzun illərdən sonra doğma yurduna qayıdaraq yeni evlərində məskunlaşıb.
Hazırda hər iki kənddə yaşayış evləri ilə yanaşı, yol, mühəndis-kommunikasiya şəbəkələri və digər sosial infrastruktur obyektlərinin tikintisi və bərpası planlaşdırılmış qrafikə uyğun davam etdirilir.
Görülən işlər Böyük Qayıdış Proqramı çərçivəsində azad edilmiş ərazilərdə dayanıqlı yaşayışın təmin olunmasına və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının sürətləndirilməsinə xidmət edir".
Qeyd edək ki, iyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub, Quzeyxırman və Güneyxırman kəndlərində görülən işlərlə tanış olub, hər iki kəndə qayıdan sakinlərlə görüşüb.