ŞƏRUR, 22 iyun. TELEQRAF

Şərur rayonu Naxçıvan Muxtar Respublikasının başlıca aqrar rayonu olaraq regionun kənd təsərrüfatı məhsullarına, xüsusən tərəvəz, dənli və dənlipaxlalılara olan tələbatının qarşılanmasında əsas təchizatçı rolunu oynayır.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu sözləri Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə Naxçıvan iqtisadi rayonu üzrə keçirilən regional müşavirədə deyib.

Onun sözlərinə görə, illər ərzində Şərur rayonunda kənd təsərrüfatının bir çox sahələrində inkişafa nail olunub:

"Bu inkişafa ölkə başçısı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə qəbul olunmuş, 2004-2023-cü illəri əhatə edən ardıcıl 4 “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramları”nın uğurlu icrası, davamlı dövlət dəstəyi və fermerlərin əzmkarlığı nəticəsində nail olunub.

Bildiyiniz kimi möhtərəm Prezidentimizin 25 may 2026-cı il tarixli müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” qəbul olunub.

Qarşıdakı 4 il yarım ərzində icra olunacaq Proqram kənd təsərrüfatının bütün sahələrinin sürətli inkişafına öz töhfəsini verəcək. Belə ki, Proqram çərçivəsində icra olunacaq irihəcmli layihələr, dövlət və özəl invetisiya qoyuluşunun nəzərdə tutulan həcmi, eləcə də nəzərdə tutulan hədəflərə çatılması üçün verilən tapşırıqlar ölkə başçısının aidiyyəti sahənin inkişafına xüsusi qayğısını əks etdirir.

Proqramın icrası müddətində Şərur rayonu da öz üzərinə düşən öhdəliklərə tam məsuliyyətli yanaşma göstərəcək, həmçinin yaranan fürsətlərdən Şərurlu fermerlər tam şəkildə yararlanaraq bu günədək əldə olunan nailiyyətləri daha da irəli daşıyacaq".