ŞƏRUR, 22 iyun. TELEQRAF
Kənd təsərrüfatının inkişafı yalnız yeni su mənbələrinin yaradılması ilə məhdudlaşmamalıdır. Əsas məqsəd hər kubmetr sudan daha yüksək səmərə ilə istifadə olunmasına nail olmaqdır.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) sədrinin müavini İlham Bayramov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə Naxçıvan iqtisadi rayonu üzrə keçirilən regional müşavirədə deyib.
Onun sözlərinə görə, müasir suvarma texnologiyalarının tətbiqi xüsusi əhəmiyyət daşıyır:
"Məlumdur ki, damcı suvarma, yağmurlama və pivot sistemləri ənənəvi suvarma üsulları ilə müqayisədə su sərfiyyatını əhəmiyyətli dərəcədə azaldır, məhsuldarlığı artırır və istehsal gəlirlərini optimallaşdırır. Yeni Dövlət Proqramında da müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, su istifadəçilərinin maarifləndirilməsi, rəqəmsal monitorinq sistemlərinin qurulması və su uçotunun təkmilləşdirilməsi prioritet istiqamətlər kimi müəyyən edilib.
Bununla yanaşı, aqrotexniki qaydalara düzgün əməl olunması, sahələrin hamarlanması, şırımların düzgün açılması və suvarma qrafiklərinə riayət edilməsi də sudan qənaətlə istifadəni təmin edən mühüm amillərdəndir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq şəraitində su təsərrüfatı obyektlərinin istismar səviyyəsinin yüksəldilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirir.
Hazırda Agentliyin xidmət göstərdiyi ərazilərdə Naxçıvan Muxtar Respublikası üzrə 44 742 hektar suvarılan sahə mövcuddur. Sözügedən ərazilərdə fəaliyyət göstərən su təsərrüfatı infrastrukturu ümumilikdə 1 982 kilometr suvarma şəbəkəsini, 584 hidrotexniki qurğunu, 937 subartezian quyusunu və 107 nasos stansiyasını əhatə edir.
Cari ildə Naxçıvan Muxtar Respublikası üzrə suvarma və digər məqsədlər üçün su təminatı davam etdirilir".