ŞƏRUR, 22 iyun. TELEQRAF
Son 20 ildə su təsərrüfatı sahəsinə əhəmiyyətli dövlət vəsaiti yönəldilib, infrastruktur genişləndirilib və su ehtiyatlarının artırılması istiqamətində mühüm işlər görülüb. Bu dövrdə ümumi sututumu 557 milyon kubmetr olan Taxtakörpü, Heydər Əliyev, Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarları inşa edilmiş, 4770 km suvarma kanalı, 3610 km kollektor-drenaj şəbəkəsi tikilmiş və təmir-bərpa olunmuş, 1600 km boru kəməri çəkilib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) sədrinin müavini İlham Bayramov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə Naxçıvan iqtisadi rayonu üzrə keçirilən regional müşavirədə deyib.
Sədr müavinin sözlərinə görə, 3 394 subartezian quyusu qazılıb, sel və daşqınların qarşısının alınması məqsədilə 234 km sahil mühafizə tədbirləri həyata keçirilib:
"Naxçıvan Muxtar Respublikasında bu istiqamətdə həyata keçirilən tədbirlər xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”ı təsdiq edilmiş və Tədbirlər Planına daxil olan bir sıra layihələrin icrasına başlanıb.
Bu çərçivədə Qaraçuq-1 nasos stansiyasının yenidən qurulması və təzyiqli boru xəttinin tikintisi, Qaraçuq magistral kanalının yenidən qurulması, Araz-1 və Araz-2 iki pilləli nasos stansiyası və boru xəttinin yenidən qurulması, Əlincəçaydan su götürən və Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması, Sədərək rayonunda içməli su təchizatı və kanalizasiya şəbəkəsinin qurulması, Kəngərli rayonunun bir sıra yaşayış məntəqələrinin içməli su təchizatı infrastrukturunun təkmilləşdirilməsi, həmçinin yeni subartezian quyularının qazılması və müvafiq infrastrukturun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.
Bu tədbirlərin həyata keçirilməsi nəticəsində Naxçıvan Muxtar Respublikasında mövcud suvarma sistemlərinin texniki vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, su itkilərinin azaldılması, ümumilikdə 41000 hektar əkin sahəsinin dayanıqlı su təminatının gücləndirilməsi və 2500 hektar yeni ərazinin əkin dövriyyəsinə cəlb edilməsi hədəflənir".