Naxçıvan, 22 iyun. TELEQRAF
Kənd təsərrüfatı sektorunun ölkəmizin ümumi su istehlakının 70–75%-ni təşkil etməsini nəzərə alsaq, su ehtiyatlarının düzgün idarə olunması həm aqrar inkişafın, həm də ümumi iqtisadi dayanıqlığın əsas şərtlərindən biridir.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ADSEA sədrinin müavini İlham Bayramov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə Naxçıvan iqtisadi rayonu üzrə keçiriləcək regional müşavirədə deyib.
İlham Bayramovun sözlərinə görə, bu çərçivədə Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya, Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası, regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramları, həmçinin kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən aqrar sektorun dayanıqlı inkişafının dəstəklənməsi, suvarma infrastrukturunun təkmilləşdirilməsi, su itkilərinin azaldılması və su təminatının etibarlılığının artırılması istiqamətində sistemli tədbirlər həyata keçirilməkdədir:
"Yeni Dövlət Proqramının əsas hədəflərindən biri yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçidin təmin edilməsidir. Naxçıvan Muxtar Respublikası ölkəmizin mühüm aqrar potensiala malik regionlarından biridir. Arazboyu düzənliklər, çay vadiləri və əlverişli suvarma imkanları burada taxılçılıq, tərəvəzçilik, kartofçuluq, meyvəçilik, üzümçülük kimi sahələrin inkişafı üçün geniş imkanlar yaradır.
Eyni zamanda dağlıq və dağətəyi ərazilərdə heyvandarlıq kimi ənənəvi kənd təsərrüfatı istiqaməti də mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında aqrar istehsalın davamlı inkişafı və kənd yerlərində sosial rifahın yüksəldilməsi bilavasitə etibarlı və dayanıqlı su təminatından asılıdır.
Lakin Naxçıvanın quru kontinental iqlim şəraiti, yağıntıların məhdudluğu, yay aylarında yüksək temperatur və suvarmaya olan tələbatın artması su ehtiyatlarından daha qənaətli və səmərəli istifadəni region üçün xüsusi aktuallıq kəsb edən məsələyə çevirir. Məhz buna görə son illərdə ölkə üzrə su ehtiyatlarının qorunması, yeni su mənbələrinin yaradılması, mövcud infrastrukturun yenilənməsi və suvarma sistemlərinin modernləşdirilməsi istiqamətində intensiv və genişmiqyaslı layihələr həyata keçirilir.
Bu layihələr Naxçıvan Muxtar Respublikasında da kənd təsərrüfatının dayanıqlı su təminatının yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır".