Naxçıvan, 22 iyun. TELEQRAF
2025-ci ildə Naxçıvanda kənd təsərrüfatı məhsulları üzrə ÜDM-nin həcmi 217 milyon AZN olub ki, bu da NMR üzrə ÜDM-nin 12,7 faizini təşkil edib. İstehsal edilən kənd təsərrüfatı məhsullarının strukturuna baxdıqda görmək olar ki, bitkiçilik – 55,5%, heyvandarlıq 44,5% təşkil edir.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə Naxçıvan iqtisadi rayonu üzrə keçirilən regional müşavirədə deyib.
Onun sözlərinə görə, 2025-ci ildə Naxçıvanda birillik bitkilərin əkin sahələri və çoxillik əkmələrin ümumi sahəsi təxminən 43 min hektar olub: "Bu sahələrin 84,9 faizini birillik bitkilərin əkin sahələri, 13,2 faizini meyvə və giləmeyvə bağları, 1,8 faizini üzüm bağları və 0.1 faizini çəkillik sahələri təşkil edib.
Birillik bitkilərin əkin sahəsi 36,5 min hektar olub və ölkə üzrə müvafiq sahələrin 2,3 faizini təşkil edib. Bu sahələrin 50,8 faizi dənli və dənli paxlalı bitkilərin, 41,1 faizi yem bitkilərinin, 4,8 faizi tərəvəzin, 1 faizi bostan bitkilərinin, qalan 2,3 faizi isə digər bitkilərin payına düşüb.
Dənli və dənli paxlalı bitkilərin əkin sahəsi 18,6 min hektar təşkil edib. Bu sahənin 50,1 faizi arpa — 9,3 min hektar, 44,6 faizi buğda — 8,3 min hektar, 4,5 faizi dən üçün qarğıdalı — 834,3 hektar, 0,8 faizi isə digər dənli və dənli paxlalı bitkilərin payına düşüb. NMR-də dənli və dənli paxlalı bitkilərin əkin sahəsi ölkə üzrə müvafiq əkin sahələrinin 1,9 faizini təşkil edib".
Nazir bildirib ki, eyni dövrdə 32,3 min ton meyvə və giləmeyvə, 21,1 min ton kartof və 27,1 min ton tərəvəz istehsal edilib, bu göstəricilər ölkə üzrə müvafiq istehsalın meyvə və giləmeyvə üzrə 2,3 faizini, kartof üzrə 2,3 faizini, tərəvəz üzrə isə 1,5 faizini təşkil edib:
"2026-cı il yanvarın 1-i vəziyyətinə NMR-də 56,6 min baş iribuynuzlu mal-qara və 353,3 min baş qoyun-keçi mövcud olub. Onların ölkə üzrə müvafiq göstəricilərdə payı 2,3 faiz və 5,2 faiz təşkil edib. 2025-ci ildə muxtar respublikada 21,2 min ton diri çəkidə ət və 60,7 min ton süd istehsal olunub. Ət istehsalı üzrə muxtar respublikanın ölkə üzrə payı 3,2 faiz, süd istehsalı üzrə payı isə 2,6 faiz olub".
Məcnun Məmmədov deyib ki, Azərbaycan Respublikası Aqrar Subsidiya Şurasının 2026-cı il üçün qərarı ilə Naxçıvan Muxtar Respublikası üzrə əkin, məhsul və toxum subsidiyalarına diferensial yanaşma tətbiq edilib, bir sıra subsidiya məbləğləri əhəmiyyətli dərəcədə artırılıb: "Yeni qaydalara əsasən, müəyyən olunmuş texniki və aqrotexniki tələblərə cavab verən və 2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək Naxçıvanda salınan bir sıra meyvə bağları üçün ölkədə tətbiq olunan ən yüksək birdəfəlik əkin subsidiyaları sırasında məbləğlər müəyyən edilib.
Mühüm yeniliklərdən biri Naxçıvan Muxtar Respublikasında intensiv və superintensiv meyvə bağları üçün də subsidiya ödənişlərinin nəzərdə tutulmasıdır. Məsələn, göstərilən dövrdə salınmış intensiv armud bağları üzrə hər hektara 20 000 manat, intensiv alma bağları üzrə isə hər hektara 21 000 manat birdəfəlik əkin subsidiyası müəyyən edilib. Superintensiv bağlar üçün subsidiya məbləği daha yüksəkdir. Məsələn, superintensiv alma bağları üzrə hər hektara 32 200 AZN subsdiya nəzədə tutulub ki, bu da bütün kateqoriyalar arasında ən yüksək subsidiya məbləğidir".