LƏNKƏRAN,16 iyun. TELEQRAF

Rayonumuz üçün ən qədim və ənənəvi kənd təsərrüfatı sahələrdən biri olan və unudulmaq təhlükəsi ilə üzləşən çəltikçilik Dövlət Proqramının icrası ilə yenidən dirçəldilib və inkişaf edən sahələrdən birinə çevrilib. Artıq 2025-ci ildə 780,2 hektar sahədə əkin işləri aparılıb, hər hektardan orta hesabla 45 sentner məhsul götürülərək ümumilikdə 2781,2 ton çəltik istehsal edilib.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, bu sözləri Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov Lənkəranda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirədə çıxışı zamanı deyib.

İcra başçısının sözlərinə görə, gələcək hədəf çəltik əkini sahələrinin 1500 hektara, məhsul istehsalının 10 000 tona çatıdırılmasıdır ki, bu da ölkə üzrə idxaldan asılılığın 18,2% azaldılmasına xidmət edəcək:

"Qarşıya qoyduğumuz məqsəd cari ildə əkin sahələrini 820 hektara çatdırmaq, Türkiyə Respublikasından gətirilmiş yüksək məhsuldar sortların tətbiqi və müasir aqrotexniki üsullar hesabına məhsuldarlığı 65-70 sentnerə yüksəltməkdir.

Onu da bildirim ki, rayonumuzda çəltik istehsalı ilə yanaşı, məhsulun emalı istiqamətində də mühüm işlər görülür. Hazırda 3 müəssisə fəaliyyət göstərir, o cümlədən ümumi dəyəri 2.5 milyon manat, illik istehsal gücü 15000 ton olan Sütəmurdov kəndində müasir tələblərə cavab verən avadanlıqlar quraşdırmaqla yeni müəssisə ilkin fəaliyyətə başlamış və tam gücü ilə fəaliyyətindən ötrü son tamamlanma işləri aparılır".

Taleh Qaraşov qeyd edib ki, çəltik istehsalıilə bağlı bəzi məsələlərin reallaşdırılması üçün aidiyyəti dövlət qurumlarının dəstəyinə ehtiyac qalmaqdadır:

"Hesab edirəm,bu istiqamətdə fermerlərimiz tərəfindən yaradılan Azərbaycan Çəltik İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyinin fəaliyyətinə dövlət dəstəyinin artırılması, Elmi-Tədqiqat Əkinçilik İnstitutu və aidiyyəti qurumlarla birlikdə çəltiyin ilkin toxumçuluğunun inkişaf etdirilməsi, elmi-tədqiqat işlərinin genişləndirilməsi, Azərbaycanın ənənəvi çəltik sortlarının seleksiya işlərinin bərpası və sertifikatlı toxum istehsalının təmin olunması istiqamətində tədbirlərin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır".