BAKI, 16 iyun. TELEQRAF
LƏNKƏRAN,16 iyun. TELEQRAF
Bu gün qarşımızda duran ən böyük çağırışlardan biri də mövcud ehtiyatlara uyğun əkin strukturunun yaradılmasıdır. İqlim dəyişikliyi fonunda su ehtiyatlarının və yağıntıların həcminin illər üzrə dinamik surətdə dəyişdiyi nəzərə alınaraq, hər bir regionun illik su balansı dəqiqliklə hesablanmalı, hansı bitki növlərinin əkiləcəyi, hansı sahələrin inkişafının təşviq ediləcəyi məhz bu su ehtiyatlarına uyğun olaraq müəyyən edilməlidir.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov Lənkəranda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirədə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, həm “Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planında nəzərdə tutulan işlərin, həm də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən həyata keçirilən və planlaşdırılan meliorasiya və su təsərrüfatı layihələrinin icrası ölkənin aqrar sektorunun dayanıqlı inkişafı baxımından mühüm əhəmiyyət daşıyır:
"Bu tədbirlərin icrası nəticəsində gələcəkdə bu ərazilərdə bağçılığın, eləcə də bölgə üçün əlverişli olan digər əkin sahələrinin inkişafına geniş imkanlar yaranacaq. Proqram çərçivəsində müasir suvarma sistemlərinin tətbiqi su itkilərinin azaldılmasına, suvarma prosesinin daha dəqiq və səmərəli idarə olunmasına, məhsuldarlığın əhəmiyyətli dərəcədə artmasına və su resurslarımıza qənaət edilməklə investisiyaların iqtisadi effektivliyinin maksimuma çatdırılmasına şərait yaradacaq.
Aqrar sahənin inkişafı baxımından qeyd edilmiş tədbirlərin həyata keçirilməsi ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalının dayanıqlı və səmərəli təşkilinə töhfə verməklə yanaşı, su ehtiyatlarından səmərəli istifadə edilməsinə, suvarılan sahələrin şorlaşması və deqradasiyasının qarşısının əhəmiyyətli dərəcədə alınmasına xidmət edəcək".
Rafiq Aslanov bildirib ki, Agentlik yanında yaradılmış Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən sudan istifadəyə nəzarətin gücləndirilməsi, cərimə mexanizmlərinin yenidən işlənməsi və sərtləşdirilməsi, su mühafizə zonalarının zəbt olunmasının qarşısının alınması və bərpası, eləcə də su obyektlərində yerləşən karxanaların fəaliyyətinə nəzarətin artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir:
"Bu tədbirlər su təsərrüfatı obyektlərinə qanunsuz müdaxilələrin qarşısının alınmasına, su limitlərinə riayət olunmasına, rekultivasiya tədbirlərinin aparılmasına, götürülən suların düzgün bölüşdürülməsinə, nəticə etibarilə isə su itkilərinin azalmasına və sudan daha səmərəli istifadənin təmin olunmasına şərait yaradacaqdır.
Bununla yanaşı, su ehtiyatlarının daha səmərəli və çevik idarə olunması üçün beynəlxalq təcrübədə tətbiq edilən institusional bölgü mexanizmlərinin gələcəkdə bizim ölkədə də nəzərə alınması məqsəduyğun olardı".