LƏNKƏRAN,16 iyun. TELEQRAF
Dövlət Proqramının mühüm istiqamətlərindən biri də intensiv bağçılığın genişləndirilməsidir. İntensiv və super intensiv bağlar müasir kənd təsərrüfatının ən perspektivli sahələrindən biridir. Bu bağlarda bir hektardan daha çox məhsul götürmək, su və torpaq resurslarından daha səmərəli istifadə etmək, məhsulun keyfiyyətini və ixrac imkanlarını artırmaq mümkündür.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, bu sözləri kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Lənkəranda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirədə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2030-cu ilə qədər intensiv bağların genişləndirilməsi, istehsal həcminin artırılması və bağçılıqda dəyər zəncirinin gücləndirilməsi əsas hədəflərdən biridir: "Bu istiqamətdə fermerlərə ilkin investisiya dəstəyinin göstərilməsi nəzərdə tutulur. Bu çox vacibdir, çünki intensiv bağın salınması ilkin mərhələdə daha böyük yatırım tələb edir.
"Bundan əlavə, intensiv və super intensiv bağlarda müasir suvarma sistemlərinin tətbiqi dəstəklənəcək. Bu sahədə suvarma düzgün qurulmasa, bağın məhsuldarlığı və davamlılığı təmin oluna bilməz. Ona görə də bağçılıqla suvarma siyasəti birlikdə aparılmalıdır.
Bağçılıqda aqrotexniki qulluq üçün nəzərdə tutulan subsidiyanın bir hissəsinin avans şəklində əvvəlcədən ödənilməsi də mühüm dəstək mexanizmi olacaqdır. Çünki bağçılıqda budama, gübrələmə, xəstəlik və zərərvericilərə qarşı mübarizə, suvarma və digər qulluq tədbirləri vaxtında aparılmalıdır.
Fermerin mövsümün əvvəlində maliyyə imkanının olması bu tədbirlərin keyfiyyətinə birbaşa təsir edir. Eyni zamanda sertifikatlaşma subsidiyasının tətbiqi nəzərdə tutulur. GlobalG.A.P. və orqanik sertifikatlar ixrac bazarlarına çıxış üçün mühüm şərtdir. Biz yalnız məhsul istehsal etməməliyik, həm də həmin məhsulu beynəlxalq bazarların tələb etdiyi standartlara uyğun təqdim etməliyik.
Məhsul subsidiyasının alma və nar üzrə tətbiqi də bağçılıqda istehsalçıların təşviqi baxımından əhəmiyyətlidir. Bu, həm məhsuldarlığın artırılmasına, həm də ixracyönümlü bağçılığın inkişafına xidmət edəcək".
Nazir müavinin sözlərinə görə, heyvandarlıq da Dövlət Proqramının əsas istiqamətlərindən biridir: "Xüsusilə iribuynuzlu heyvandarlıq sektorunda süd və mal əti istehsalının artırılması, cins heyvanların sürüdə payının yüksəldilməsi, idxaldan asılılığın azaldılması və özünütəminetmə səviyyəsinin artırılması əsas hədəflər kimi müəyyən olunub.
2030-cu ilə qədər süd istehsalının 11 faiz, mal əti istehsalının 21 faiz artırılması hədəflənir. Cins heyvanların sürüdə payının 5,6 dəfə artırılması nəzərdə tutulur. Süd idxalının 49,6 faiz, mal əti idxalının isə 40,2 faiz azaldılması qarşıya məqsəd qoyulur. Özünütəminetmə səviyyəsində də süd üzrə 8,5 faiz, mal əti üzrə 11,5 faiz artım nəzərdə tutulur.
Bu hədəflərə çatmaq üçün südlük və ətlik klasterlərin yaradılması, klaster daxilində müxtəlif tutuma malik 1000-ə yaxın yeni təsərrüfatın formalaşdırılması və bu təsərrüfatların cins damazlıq heyvanlarla təmin edilməsinin dəstəklənməsi nəzərdə tutulur.
Bundan əlavə, 90 süd toplama və 15 dəri toplama məntəqəsinin yaradılması dəstəklənəcək. Bu, heyvandarlıqda yalnız istehsalın deyil, eyni zamanda tədarük, emal və satış zəncirinin də qurulmasına xidmət edir".