MASALLI, 12 iyun. TELEQRAF
Masallı rayonunda qətlə yetirilən 69 yaşlı Elmira Əmanovanın ölümü ilə bağlı bəzi yeni təfərrüatlar üzə çıxıb.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, məlumata görə, rayonun Şıxlar kənd sakini olan Elmira Əmanova tək yaşayırmış.
Onun üç övladı var. Övladlarından biri Bakıda, digər ikisi isə Rusiya Federasiyasında yaşayır.
Bildirilir ki, hadisədən bir neçə gün əvvəl Moskvada yaşayan övladlarından biri anasını ziyarət etmək üçün kəndə gəlib. O, geri qayıtdıqdan sonra isə qadının qətlə yetirildiyi məlum olub.
Yaxınlarının sözlərinə görə, Elmira Əmanova evinin giriş hissəsində baş nahiyəsindən aldığı zərbə nəticəsində həyatını itirmiş vəziyyətdə aşkarlanıb. Hadisəni törədən şəxs və ya şəxslərin evdə axtarış apardığı ehtimal edilir.
Lakin qadının barmaqlarındakı qızıl üzüklərə və qulağındakı sırğalara toxunulmayıb.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.