GÖYGÖL,12 iyun. TELEQRAF

Uzunluğu 172,4 kilometr olacaq Qarabağ suvarma kanalının tikintisi bu əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq və yeni torpaqlar kənd təsərrüfatı dövriyyəsinə cəlb ediləcək. Layihə tam icra olunduqdan sonra Respublika üzrə 115 min hektara yaxın mövcud əkin sahəsinin suvarılması və əlavə olaraq 51 min hektar yeni torpaq sahəsinin kənd təsərrüfatı istifadəsinə verilməsi mümkün olacaq.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, bu sözləri kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Göygöl rayonunda keçirilən regional müşavirədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) sədrinin birinci müavini Xəyyam Məmmədov bildirib.

"Bu layihələr regionun kənd təsərrüfatı potensialının daha səmərəli reallaşdırılmasına, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və su ehtiyatlarının dayanıqlı idarə olunmasına mühüm töhfə verəcək. Qarşıdakı dövrdə region üçün digər xüsusi əhəmiyyət daşıyan layihələrdən biri də Sərsəng su anbarının əsaslı təmir-bərpasıdır.

Həcmi 560 milyon kubmetr olan bu strateji obyektin yenidən qurulması nəticəsində 96 min hektardan çox əkin sahəsinin dayanıqlı su təminatının təmin olunması nəzərdə tutulur" - deyə X.Məmmədov əlavə edib.