GÖYGÖL,12 iyun. TELEQRAF
"Buğda istehsalı üzrə 22 rayon hədəf rayon kimi müəyyən edilib. Bu rayonlar ölkədə istehsal olunan taxılın böyük bir hissəsini təmin edir və burada suvarılan sahələr, müasir suvarma potensialı, aqropark infrastrukturu və lazer hamarlama imkanları daha yüksəkdir. Samux və Goranboy rayonları bu 22 rayonun siyahısına daxildir. Bundan əlavə, 8 perspektiv rayon müəyyən edilib".
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, bu sözləri kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Göygöl rayonunda keçirilən regional müşavirədə kənd təsərrüfatı nazirinin müavini Zaur Əiyev deyib.
Onun sözlərinə görə, hədəf rayonlarda orta məhsuldarlığın 50 sentnerə, dəmyə rayonlarında isə 30 sentnerə çatdırılması nəzərdə tutulur.
"Perspektiv rayonlarda 2029-cu ildən sonra məhsuldarlıq hədəfi 50 sentner kimi müəyyən edilir. Bu hədəflərə çatmaq üçün bir neçə əsas tədbir nəzərdə tutulur.
Birincisi, müasir suvarma sistemlərinin tətbiqi genişləndiriləcək. İkincisi, texnika təminatı yaxşılaşdırılacaq. Üçüncüsü, lazer hamarlama texnologiyasının tətbiqi genişləndiriləcək. Dördüncüsü, buğda istehsalının inkişafına dövlət dəstəyi artırılacaq. Beşincisi, aqrotexniki qulluq işlərinə nəzarət gücləndiriləcək və zəruri meliorativ tədbirlər həyata keçiriləcək.
Burada xüsusi qeyd edilməli olan dəstək mexanizmlərindən biri kredit faizlərinin subsidiyalaşdırılmasıdır. Birillik əkinlərin istehsalı üçün banklar tərəfindən fermerlərə verilən kreditlərin illik faiz dərəcəsinin 19 faizi keçməyən hissəsinin dövlət büdcəsi hesabına ödənilməsi nəzərdə tutulur. Bu, fermerlərin maliyyə yükünü azaltmaq və əkin dövriyyəsinə daha rahat vəsait cəlb etmək baxımından mühüm dəstəkdir" - deyə nazir müavini qeyd edib.