LƏNKƏRAN, 3 iyun. TELEQRAF

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə gecə saat 03:00 radələrində Lənkəran-Boradigah- Masallı magistral yolunun Lənkəran rayonunun Girdəni kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

2004-cü il təvəllüdlü Elsevər Məhərrəmovun idarə etdiyi "Mercedes" markalı avtomobil yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əliyar Qulamovu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada hadisə yerində dünyasını dəyişib.

Mərhumun meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.