GƏNCƏ, 1 iyun. TELEQRAF
Fövqəladə Hallar Nazirliyi tərəfindən Gəncədə “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə “Açıq qapı günü” tədbiri keçirilib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsi və Gəncə Regional Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhid ailələrinin üzvləri, FHN-in və digər müvafiq qurumların məsul əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə açıq elan olunub. Ardından şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Açıq qapı günü”ndə uşaqlara Nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri və Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən yanğınsöndürmə və xilasetmə texnikası və avadanlıqları təqdim olunub, xilasedicilərin gündəlik iş fəaliyyəti barədə məlumat verilib, uşaqların sualları cavablandırılıb.
Uşaqların iştirakı ilə təşkil olunan təlim isə onlarda böyük marağa səbəb olub. Sonda uşaqlara hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.
Qeyd edilib ki, Fövqəladə Hallar Nazirliyi uşaqların təhlükəsizliyini daim diqqət mərkəzində saxlayır və bu məqsədlə mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.