XANKƏNDİ, 29 may. TELEQRAF
Xankəndi şəhərində ötən əsrin sonlarında inşa edilən Mədəniyyət Mərkəzi əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, binada uzun illər ərzində yaranmış aşınma və zədələnmələr aradan qaldırılıb, mərkəz müasir tələblərə uyğun şəkildə yenidən qurularaq çoxfunksiyalı mədəniyyət məkanına çevrilib.
Mərkəzdə kino və teatr tamaşalarının nümayişi, mədəni-kütləvi tədbirlərin keçirilməsi, yaradıcılıq və təlim məşğələlərinin təşkili, eləcə də inzibati və turizm yönümlü xidmətlərin göstərilməsi üçün şərait yaradılıb.
Üçmərtəbəli binada dərnək və qrim otaqları, kassa, suvenir mağazası, bufet, həmçinin kino və teatr tamaşalarının nümayişi, yaradıcılıq təlimlərinin təşkili üçün lazımi şərait yaradılıb. Mərkəzin müasir avadanlıqlarla təchiz olunmuş 348 yerlik tamaşaçı zalı konsert, teatr və digər kütləvi tədbirlərin yüksək səviyyədə keçirilməsinə imkan verəcək.
Mədəniyyət Mərkəzinin fəaliyyətinin şəhərin mədəni mühitinin inkişafına mühüm töhfə verəcəyi gözlənilir.