BƏRDƏ, 22 may. TELEQRAF

Birinci Qarabağ müharibəsinin itkin şəhidlərindən olan Rəşadət Əli oğlu Piriyevin nəşi uzun illərdən sonra ailəsinə təhvil verilib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, şəhidin nəşi 2025-ci ildə döyüş yoldaşlarının iştirakı ilə aparılan axtarışlar zamanı onun şəhid olduğu ərazidə aşkarlanıb.

Rəşadət Piriyev 1 oktyabr 1973-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. 1992-ci ildən 701 saylı hərbi hissənin 5-ci Bərdə taborunda xidmət edib. O, Kəlbəcər, Laçın, Ağdam və Ağdərə istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edib. Döyüşlər zamanı həm rabitəçi-operator, həm də hərbi texnikanın zərərsizləşdirilməsi üzrə əməliyyatçı kimi xidmət göstərib.

Rəşadət Piriyev 11 fevral 1994-cü ildə Kəlbəcər rayonunun Yanşaq kəndi və Qızılqaya istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.

Rəsmi məlumatlara əsasən, o, bu günə qədər itkin hesab olunurdu.