LAÇIN, 19 may. TELEQRAF
Laçın rayonunun Zabux kəndinə ilk köç 2023-cü il avqustun 26-da həyata keçirilib.
Bu barədə Teleqraf-ın Qarabağ bürosuna müsahibəsində Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Yeganə Quluyeva məlumat verib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Zabux kəndi də müasir infrastruktur əsasında yenidən qurulub. İşğal dövründə tamamilə dağıdılan kənd “Böyük Qayıdış I Dövlət Proqramı” çərçivəsində bərpa edilərək yenidən sakinlərin istifadəsinə verilib.
İlkin mərhələdə kənddə 223 fərdi evdən ibarət yaşayış məntəqəsi inşa olunub. Burada 170 şagird yerlik tam orta məktəb, 57 yerlik uşaq bağçası, tibb məntəqəsi, inzibati bina, parklar və abadlıq zonaları yaradılıb.
Kəndin bütün kommunal infrastrukturu da müasir tələblərə uyğun qurulub. Su, qaz və elektrik təminatı yaradılıb, fiber-optik internet xətti çəkilib, içməli su anbarları tikilib və çirkab suların təmizlənməsi üçün müasir qurğular quraşdırılıb. Eyni zamanda tikilən ev və inzibati binaların üzərində günəş panelləri quraşdırılıb ki, bu da yaşıl enerji istifadəsinin genişləndirilməsinə xidmət edir.
Qayıdışdan sonra kənddə yaşıllaşdırma işləri də aparılıb. Əhali tərəfindən həyətyanı sahələrdə, park və yol kənarlarında 2 minə yaxın meyvə və dekorativ ağac əkilib.

Y.Quluyeva bildirib ki, hazırda Laçın şəhəri və ətraf kəndlər – Zabux, Sus və Bəylik yaşayış məntəqələrinə ümumilikdə 979 ailə (3665 nəfər) köçürülüb. Zabux kəndinə isə 217 ailə, yəni 823 nəfərin qayıdışı təmin olunub və onların rahat, təhlükəsiz yaşayışı üçün bütün şərait yaradılıb.
Məşğulluq məsələsi də diqqətdə saxlanılır. Kənddə təxminən 300 nəfərin məşğulluğu təmin edilib, bir qrup sakin özünüməşğulluq proqramı çərçivəsində dəstək alıb. Bundan əlavə, 150-yə yaxın kənd sakini ilə kənd təsərrüfatı təyinatlı torpaqların güzəştli şərtlərlə icarəyə verilməsi barədə müqavilələr imzalanıb.
Qeyd olunub ki, Laçın rayonunda bərpa və yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir. Növbəti mərhələdə Qarı Kaha yaşayış məntəqəsində çoxmənzilli binaların tikintisi, həmçinin Laçın şəhərində yüzlərlə fərdi evin inşası planlaşdırılır.
Laçının Zabux kəndində fəaliyyətə başlayan körpələr evi–uşaq bağçası həyat qaynayan ünvanlardan biridir.
Sakinlərin kəndə qayıdışından az sonra qapılarını açan 50 yerlik bağça hazırda 57 uşağı qəbul edir. Burada iki qrup fəaliyyət göstərir və uşaqlar üçün həm təlim, həm də inkişaf mühiti yaradılıb.
Bağçanın müdiri Humay Nadirzadə bildirib ki, bu müəssisə işğaldan sonra Laçın rayonunda fəaliyyətə başlayan ilk məktəbəqədər təhsil ocağıdır: “Bu torpaqlarda yenidən işləmək, uşaqların böyüməsinə şahid olmaq bizim üçün böyük qürurdur. Biz burada yalnız dərs demirik, həm də gələcəyin təməlini qururuq”.
Onun sözlərinə görə, uşaqların sağlam və təhlükəsiz mühitdə böyüməsi üçün bağçada bütün şərait yaradılıb: "Zabuxda açılan bu bağça sadəcə təhsil müəssisəsi deyil — o, qayıdışın, dirçəlişin və gələcəyə ümidin simvoludur".
