LAÇIN, 19 may. TELEQRAF

“İnanın ki, üç gün yatmadıq. Kəndin havasını doyunca udur, ətrafı gəzir, doğma torpağın həsrətini yaşayırdıq. Hətta həmin günlərdə bir dəfə də olsun aclıq hiss etmədik. Sanki təbiətin özü bizi doyururdu”.

Bu fikirləri Teleqraf-ın Qarabağ bürosuna açıqlamasında Zabux kənd tam orta məktəbinin direktoru Mübariz Rüstəmov deyib.

O bildirib ki, uzun illərin ayrılığından sonra Zabuxa qayıtmaq yalnız bir köç deyil, həm də insanların öz ruhuna, xatirələrinə və doğmalığına qovuşması idi. Direktorun sözlərinə görə, kənddə uşaqların yenidən məktəbə getməsi, sinif otaqlarında zəng səsinin eşidilməsi hər kəsdə böyük qürur və sevinc hissi yaradır.

Mübariz Rüstəmov qeyd edib ki, məktəbdə şagird sayının artması Zabuxda həyatın yenidən dirçəldiyini göstərir: “Bu gün uşaqların öz doğma kəndində təhsil alması bizim üçün ən böyük xoşbəxtlikdir. İllərlə həsrətində olduğumuz torpaqlarda yenidən həyat var, məktəb var, uşaqların gülüşü var”.

Xatırladaq ki, 1937-ci ildən fəaliyyət göstərən Zabux kənd tam orta məktəbi 1992-ci ildən etibarən məcburi köçkünlük səbəbindən Bakı şəhərinin Pirşağı qəsəbəsində fəaliyyət göstərib. 2020-ci ilin Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən sonra işğaldan azad edilən Zabux kəndi yenidən öz sakinlərini qarşılamağa başlayıb.

Qeyd edək ki, 2023-cü il avqustun 25-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Zabux kəndinin açılışı olub. Həmin ilin 13 dekabr tarixində isə Zabux kənd tam orta məktəbi yenidən şagirdlərin istifadəsinə verilib.

Məktəb ilk fəaliyyətinə 15 müəllim və 56 şagirdlə başlayıb. Hazırda isə məktəbdə təhsil alan şagirdlərin sayı 103 nəfərə çatıb. Təhsil müəssisəsi bütün müasir tədris avadanlıqları ilə təmin olunub, fənn kabinetləri isə müasir standartlara uyğun qurulub.