ŞUŞA, 24 noyabr. TELEQRAF
Ankara ilə Bakı arasında formalaşan strateji müttəfiqlik münasibətləri regionda proseslərin daha effektiv idarə olunmasına imkan verir.
Teleqrafın Qarabağ bürosunun xəbərinə görə, bu sözləri Azərbaycan–Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumunda çıxış edən Yaxın Şərq Araşdırmaları Mərkəzinin (ORSAM) prezidenti Kadir Təmiz söyləyib.
Onun sözlərinə görə, iki ölkənin maraq və siyasətləri müxtəlif məqamlarda fərqlənə bilər: "Lakin strateji vizyonun və əsas prinsiplərin uyğunluğu bu müttəfiqliyin təməl şərtidir və bu, digər ölkələr üçün də qarşılıqlı əməkdaşlığın gücləndirilməsi baxımından ciddi mesajdır".
Kadir Təmiz hesab edir ki, Türkiyənin Orta Şərq siyasətini formalaşdıran əsas istiqamətlərin Azərbaycan–Türkiyə əməkdaşlığı ilə uyğunlaşdırılması müzakirə olunmalıdır:
"Türkiyənin bölgə siyasətinin üç aparıcı xətti xüsusilə diqqət çəkir. Bunlardan birincisi təhlükəsizlik və sabitlik yanaşmasıdır.
Türkiyənin Orta Şərq vizyonunun əsasını təhlükəsizlik və sabitlik konsepsiyası təşkil edir. MİT və Müdafiə Nazirliyinin rəsmi sənədlərində də vurğulandığı kimi, Ankara bölgədə sabitləşdirici aktor kimi çıxış edir.
Suriyada həyata keçirilən əməliyyatlar və İraqdakı aktiv fəaliyyətlər bəzən tənqid olunsa da, ekspertlər bunun əksinə olaraq regionda dövlət nəzarətinin gücləndirilməsi və yaranan boşluqların terror qrupları tərəfindən doldurulmasının qarşısının alınması məqsədi daşıdığını bildirirlər. Bu siyasət həm Türkiyə üçün təhlükəsizlik təminatı, həm də regionda nizamın bərpası baxımından vacib hesab olunur.
İkinci isə diplomatik normallaşma və regional əməkdaşlıqdır. 2017-ci ildə prezident idarəetmə sisteminə keçidlə birlikdə Türkiyənin xarici siyasətdə daha çevik və operativ mexanizmlərdən istifadə etməyə başlanıb. Bu dövrdən etibarən Ankara Suriya, BƏƏ, Səudiyyə Ərəbistanı, Misir və digər regional ölkələrlə yaşanan gərginlikləri sürətlə aradan qaldıraraq nəqliyyat, enerji və ticarət sahələrində yeni dialoq kanalları açıb.
Suriya ilə aparılan danışıqlar, Misirlə münasibətlərin bərpası, Sudan və Liviya istiqamətlərində genişləndirilən əməkdaşlıq, eləcə də Şərqi Aralıq dənizində koordinasiya cəhdləri diplomatik normallaşma siyasətinin əsas nümunəsi kimi göstərilir.
Türkiyənin Orta Şərq strategiyasının üçüncü sütunu enerji təhlükəsizliyi və nəqliyyat dəhlizlərini əhatə edən geoiqtisadi layihələrdir. Bu aspekt xüsusilə Azərbaycan–Türkiyə münasibətlərinin inkişafında mühüm rol oynayır. Zəngəzur dəhlizi, Orta Dəhliz, enerji ötürmə xətləri və logistika marşrutları iki ölkəni tamamlayıcı əməkdaşlıq modelinə çevirir.
Bundan əlavə, Türkiyənin İraqla birgə həyata keçirdiyi “İnkişaf yolu” layihəsi – Bəsrədən başlayıb Türkiyə üzərindən Avropaya uzanan nəqliyyat xətti – bölgədə yeni iqtisadi inteqrasiya imkanları yaradır. Əgər gələcəkdə Suriya da sabitləşərsə, bu xəttin genişləndirilməsi mümkün ola bilər.
Nəticədə Türkiyənin Orta Şərq siyasətinin bu üç əsas istiqaməti – təhlükəsizlik, diplomatik normallaşma və geoiqtisadi bağlılıq – Azərbaycanla strateji tərəfdaşlığın daha da dərinləşməsinə xidmət edir.
Bu model həm iki ölkənin regional nüfuzunu artırır, həm də Orta Şərq və Cənubi Qafqazda sabitlik və inkişaf üçün yeni platformalar yaradır".