AĞDAM, 19 noyabr. TELEQRAF
Xıdırlıya köçən ailələr mənzil başına çatıblar və onlara evlərin açarları təqdim edilib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, respublikanın müxtəlif yerlərindən bu gün yola salınan ailələr Ağdam rayonunun Xıdırlı kəndinə çatıblar.
Mənzil başına çatan ailələrə sahib olduqları evlərin açarları təqdim edilib.
Açarların təqdim olunması mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.



***
11:48
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Qayıdış proqramına uyğun olaraq Ağdamın Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Ağdamın Dördyol adlanan ərazisindən öz dədə-baba yurdu Xıdırlı kəndinə bu dəfə 15 ailə olmaqla 73 nəfər yola düşüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.