AĞDAM, 18 noyabr. TELEQRAF

Xıdırlı kəndinə qayıdış edən ailələr mənzil başına çatıb evlərin açarlarına sahib olublar.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Ağdamın Dördyol adlanan ərazisindən yola salınan ailələr doğma yurdlarına Xıdırlı kəndinə çatıb.

Çatan ailələrə sahib olduqları mənzillərin açarları təqdim edilib. Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki bu gün 15 ailə 57 nəfər öz doğma yurduna qovuşub.

***

13:30

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Qayıdış proqramına uyğun olaraq Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç yola salınıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu mərhələdə 15 ailə olmaqla 57 nəfər öz doğma yurduna qayıdır.

Ailələr Ağdamın Dördyol adlanan ərazisindən Xıdırlı kəndinə yola düşüb.

Doğma vətənə qayıdanlar bu günə qədər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.