DAŞKƏSƏN, 26 dekabr. TELEQRAF
Dekabrın 25-i axşam saatlarından etibarən Daşkəsən rayonuna qarın yağması və şaxtalı hava şəraiti davam edir.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, yağan qarın qalınlığı Daşkəsən rayon mərkəzində 5-10 santimetr, daha yüksəklikdə yerləşən Xoşbulaq, Çıraqlı, Əmirvar, Qabaqtəpə, Astaf, Alaxançallı və digər dağ kəndlərində 10-15 santimetrə çatıb.
Şəhərdaxili küçə və səkilərdə, kəndlərarası yollarda, Daşkəsən-Gəncə avtomobil yolunda nəqliyyatın hərəkətində çətinlik yaranmaması üçün mütəmadi təmizləmə işləri aparılır. Sürüşkənlik ehtimalı olan ərazilərə qum-duz qarışığı səpilir.
Elektrik enerjisinin, qaz təchizatının və içməli suyun verilişində fasilələr yaranmayıb.
Qarın yağması rayonun ümumtəhsil məktəblərində şagirdlərin dərslərə davamiyyətinə də təsir göstərməyib.
Rayonun idarə, müəssisə və xidmət sahələri işlərini hava proqnozlarını nəzərə almaqla qurur.