_1738846845.png)
BAKI, 6 fevral. TELEQRAF
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın 2025-ci il üzrə ilk iclası keçirilib.
Teleqraf xəbər verir ki, fevralın 5-də keçirilən iclasda işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışla bağlı məsələlər müzakirə olunub.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, məcburi köçkünlərin doğma yurda qayıdışının təmin edilməsi istiqamətində məqsədyönlü, genişmiqyaslı tədbirlərin həyata keçirildiyi vurğulanıb.
Bir daha qeyd olunub ki, dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərə səfərləri, Böyük Qayıdışla bağlı tədbirlərin icrasının daim nəzarətdə saxlanılması öz ata-baba yurduna qayıtmağa hazırlaşan məcburi köçkünlərdə dərin razılıq və minnətdarlıq hissi doğurur.
Böyük qayıdışın səmərəliliyinin təmin edilməsində geniş ictimai fəaliyyətin də vacib olduğu diqqətə çatdırılıb, bu istiqamətdə cari ildə həyata keçirilməsi nəzərdə tutulan mühüm və təxirəsalınmaz vəzifələr müzakirə edilib. Şura üzvlərinin qaçqınlar və məcburi köçkünlərlə görüşlərinin daimi xarakter daşıması, təbliğat tədbirlərinin müasir informasiya-kommunikasiya vasitələrindən geniş istifadə etməklə aparılması diqqətə çatdırılıb.
İclasda iştirak edən komitə sədri Rövşən Rzayev səmərəli fəaliyyət göstərdiklərinə görə şura üzvlərinə təşəkkür edib, onların rəy və təkliflərinin dəyərli olduğunu vurğulayıb.