“Ermənistanın etməli olduğu seçim Laçın yolunda sərhəd və gömrük postlarının olub-olmaması deyil. Ermənistan Ermənistan-Azərbaycan münasibətlərinin gələcəyini seçməlidir: düşmənçilik və qarşıdurma, yoxsa sülh və əməkdaşlıq”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Eldar Namazov deyib.

Ekspert Laçın yolu məsələsi ətrafındakı gəlişmələrə diqqət çəkib: “Laçın yolunun gələcəyi ilə əlaqəli iki konseptual yanaşma var.

Birinci yanaşma ondan ibarətdir ki, bu yol “yalnız ermənilər üçün”dür və oradan nəzarətsiz silah-sursat daşıya, bununla Ermənistan qoşunlarını hələ də Azərbaycan ərazisində saxlaya, qanunsuz iş aparılan mədənlərdən qızıl və mis filizlərini çıxara bilərlər. Bu, düşmənçiliyin, qarşıdurmanın davam etməsi anlayışıdır və bu konsepsiyada sərhəd və gömrük postlarına yer yoxdur.

İkinci yanaşma ondan ibarətdir ki, bu yol təkcə ermənilər üçün deyil, həm də Qarabağda yaşayan azərbaycanlılar üçündür. O yol ki, Ermənistan və Azərbaycanın bütün vətəndaşları qanunları pozmadan qarşılıqlı səfərlər edə, humanitar və ticarət əlaqələri saxlaya bilsinlər. Bu, sülh və əməkdaşlıq anlayışıdır. Ona görə, sərhəddə bütün sivil dünyada riayət olunan keçid qaydalarını təmin edən sərhəd və gömrük postları olmalıdır.

Ermənistanın etməli olduğu seçim Laçın yolunda sərhəd və gömrük postlarının olub-olmaması deyil. Ermənistan münasibətlərin gələcəyini seçməlidir: düşmənçilik və qarşıdurma, yoxsa sülh və əməkdaşlıq”.