“Tehranda baş tutan Rusiya,Türkiyə və İran liderlərinin üçtərəfli görüşü dünyada müşahidə olunan ümumi gərginlik fonunda baş tuturdu. Bu görüşdən böyük nəticələri gözləmək öncədən doğru deyildi. Bunu gözləyənlər də sadəlövlük etmiş olar. Mənim qənaətimcə, böyük nəticələr haqqında danışmaq doğru olmazdı”.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Asim Mollazadə bildirib.

Tehran görüşü zamanı Türkiyənin fəaliyyətinə toxunan deputat bildirib ki, Ankara ümumilikdə bütün bölgələrdə öz nüfuzunu saxlayır, sülhə köklənən fəaliyyət göstərir:

“Eləcə də dünyanın harasında olmasından asılı olmayaraq terrorizmlə bağlı real müzakirə aparır. Məsələn, Ukrayna ilə bağlı Türkiyənin qlobal təklifləri və təşəbbüsləri olub. Bunlar sülhə köklənən real fəaliyyətlərdir. Eləcə də Cənubi Qafqazda sülh yaratmaq, Ermənistanı normal yola çəkərək onlarla danışıq aparmaq xəttini görürük. Bütün bunlar Türkiyənin beynəlxalq hüquqa söykənərək sülh dəyərlərinə uyğun siyasət aparır. Türkiyənin nüfuzu hətta müharibəyə köklənən ölkələrə də müsbət təsir edir”.

Asim Mollazadə qeyd edib ki, Tehranda baş tutan görüş zamanı kifayət qədər məsələlər müzakirə olunsa da, hər hansı böyük nəticəyə gəlinməsinə aid məlumat yoxdur:

“Əslində belə qərarları gözləmək də düzgün deyil. Sadəcə bu görüş ağır nöqtələrdə yumşaq davranmağa töhvə verə bilər. Türkiyə demək olar ki, istədiyinə nail ola bilib. Digər ölkələrdə əməkdaşlıq problemlərini müzakirə ediblər. Bunun da nəticələrinə gələcəkdə baxmaq olar”.