BAKI, 22 avqust. TELEQRAF

Ukrayna dronları Krım yarımadasında yüzlərlə enerji qovşağını sıradan çıxarıb. Həmçinin Qara və Azov dənizlərində Rusiyanın "kölgə donanması"nın hərəkətini məhdudlaşdırıb.

Teleqraf "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi bildirib.

Onun sözlərinə görə, "Krımın söndürülməsi" əməliyyatının bir hissəsi olaraq, təkcə 17-22 avqust tarixləri arasında işğal olunmuş Krımda və Ukraynanın cənubunda 27 elektrik stansiyası sıradan çıxarılıb.

Bu əməliyyatın başlanğıcından (1 iyul - 22 avqust) bəri ümumilikdə 267 enerji infrastrukturu obyekti istismardan çıxarılıb.

Vurulan hədəflər arasında yüksək gərginlikli yarımstansiyalar, qaz turbin elektrik stansiyaları və qaz paylama stansiyaları var.

Paralel olaraq, Pilotsuz Sistemlər Qüvvələri Azov dənizində, Kerç boğazında və Qara dənizin şimal-şərq hissəsində Rusiya "kölgə donanması"nın gəmilərinin hərəkətini bloklamaq məqsədi daşıyan "MoLoChKa" əməliyyatını həyata keçirir.

Avqust ayı ərzində Ukrayna dronları 36 gəmini vurub. Əməliyyat zamanı (6 iyul - 22 avqust) ümumilikdə düşmən donanmasının 242 bölməsi sıradan çıxarılıb, onlardan 134-ü Azov dənizində, 108-i isə Qara dənizdə olub.