“Artıq Zəngilan rayonunun Ağalı kəndinə qayıdış başlayıb. Bu, böyük zəfərdir. 44 günlük müharibədə böyük zəfər qazandığımız kimi işğaldan azad olunan ərazilərə qayıdışın başlanması da böyük zəfərdir. Əgər bu torpaqlarda insanlar məskunlaşmırsa, həyat qurulmursa, onda ərazilərin işğaldan azad edilməsinin əhəmiyyəti olmaz. Dövlət başçımız qeyd etmişdi ki, ilin sonuna qədər Zəngilana insanların köçürülməsinə başlanılacaq. Bu, artıq həyata keçirilib. İnsanlar avtomobil karvanı ilə Ağalıya yerləşdirilir. Biz olduqca böyük hadisələrə şahidlik edirik”.

Bu fikirləri Teleqraf.com-a millət vəkili Vahid Əhmədov deyib.

Deputat qeyd edib ki, Ağalıda böyük işlər görülüb, iş yerləri açılıb: “Eləcə də orada yerləşəcək vətəndaşlarımızın kommunikasiya problemləri həll edilib. Yəni ciddi problemlər yoxdur, münasib şərait yaradılıb. Hesab edirəm ki, işğaldan azad edilən ərazilərdə evlər tikildikcə, infrastruktur və kommunikasya məsələləri həll edildikcə insanlarımız da köçürüləcək. Bu, əslində bizim üçün çox əhəmiyyətlidir. Mən bunu alqışlayır, dövlət başçısını tərik edirəm və minnətdarlığımı bildirirəm”.

Vahid Əhmədov bildirib ki, bununla qayıdış prosesinə start verilib: “Özüm izləyirəm, Qarabağda böyük işlər görülür, həm də sürətli aparılır. Biz dövlət büdcəmizdən bunun üçün vəsait ayırmışıq. Ən maraqlısı odur ki, Azərbaycan bütün işləri öz vəsaiti hesabına aparır. Bizə kənardan faktiki dəstək yoxdur. Bu günə qədər görülən işlər dövlət büdcəmizin əsasında edilib. Bunun özü də böyük əhəmiyyət kəsb edir”.

Deputatın qənaətincə, bir neçə ilə məskunlaşma işləri gedəcək: “Düzdür, bu, vaxt aparan işdir. Ərazi minalardan təmizlənir, təhlükəsizlik işləri həyata keçirilir. İnfrastruktur, kommunikasiya xətləri, yollar tikildikcə, insanlarımız da ata-baba yurdlarına qovuşacaq”.