BAKI, 7 oktyabr. TELEQRAF
Azərbaycanda Mülki Məcəlləyə və bir sıra sahələri tənzimləyən qanunlara dəyişiklik edilməsi təklif olunur.
Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Bununla bağlı “Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Kredit İttifaqları haqqında”, “Büdcə sistemi haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi Milli Məclisin müzakirəsinə çıxarılıb.
Dəyişikliklər bir neçə hüquqi aktı əhatə etməklə, mülki hüquq münasibətləri, kredit ittifaqlarının fəaliyyəti, büdcə sistemi, fitosanitar nəzarət və ekoloji təmiz kənd təsərrüfatı sahələrində mövcud qanunvericiliyin təkmilləşdirilməsini nəzərdə tutur.
Layihənin məqsədi qeyd olunan sahələr üzrə hüquqi tənzimləmənin dəqiqləşdirilməsi və qanunvericilik aktları arasında uyğunluğun təmin edilməsi ilə bağlı müddəaların yenilənməsidir.
Sənədin birinci oxunuşda qəbulundan sonra qanun layihəsinin növbəti oxunuşlarda müzakirə edilməsi gözlənilir.