BAKI, 7 oktyabr. TELEQRAF
Azərbaycanda ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan kənd təsərrüfatı fəaliyyətlərinin siyahısının yenilənməsi təklif olunur.
Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Hazırlanan qanun layihəsi ilə “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanunun əlavəsində kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşmış müəssisələrə dair müddəaların yeni redaksiyada verilməsi nəzərdə tutulur.
Yeni yanaşmada təsərrüfatların miqyasının müəyyənləşdirilməsi zamanı müxtəlif heyvan və quş növlərinin vahid ekvivalent üzrə hesablanması təklif edilir. Bu, müxtəlif növ heyvan və quş saxlayan təsərrüfatların ümumi tutumunun daha dəqiq müəyyən edilməsinə imkan verəcək.
Bundan başqa, balıqçılıq və akvakultura təsərrüfatları üçün də ayrıca istehsal göstəricisi müəyyən edilir. İllik əldə olunan balıq məhsulları, eləcə də balıq və digər su bioresurslarının ümumi çəkisi 500 ton və ya daha çox olduqda həmin fəaliyyət ƏMTQ tələb olunan fəaliyyətlər sırasına daxil ediləcək.
Layihə ilə hazırkı siyahının 34-cü maddəsinin də ləğv edilməsi nəzərdə tutulur.
Dəyişikliklərin qüvvəyə minməsi ilə kənd təsərrüfatı sektorunda hansı iri həcmli layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsinə tabe olacağı daha konkret meyarlarla müəyyən edilə bilər.