BAKI, 6 oktyabr. TELEQRAF

"Korrupsiyaya qarşı məlumat verən şəxsin bu səbəbdən həlak olmasına görə 20 min manat ödənilməsi çox az vəsaitdir".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında müzakirəyə çıxarılan yeni hazırlanmış "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" yeni hazırlanmış qanunun layihəsi haqda danışarkən deyib.

Deputat vurğulayıb ki, ölən şəxsin ailəsinə minimum 150 min manat məbləğində kompensasiya verilməlidir:

"Həmçinin, ABŞ-də əgər şəxs hər hansı iri korrupsiya cinayətləri haqqında məlumat verirsə və vəsait dövlətə qaytarılırsa, qaytarılan vəsaitin 10-30 faizi məlumat verən şəxsə ödənilir. Bizdə isə cəmi 5 faiz nəzərdə tutulub, bu da azdır".

Q.Həsənquliyev qeyd edib ki, cəmiyyətin bu prosesə hazırlığı baxımından medianın üzərinə də iş düşür: "Bu haqda məlumat verən şəxslər ictimai qınağa məruz qalmamalıdırlar".