BAKI, 7 oktyabr. TELEQRAF

Azərbaycanda balıqçılıq sahəsində sahibkarlıq subyektlərində aparılan yoxlamalarla bağlı yeni qaydanın tətbiqi təklif edilir.

Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Bununla bağlı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi nəzərdə tutulur.

Qanun layihəsinə əsasən, qanunun 2.1-ci maddəsinin birinci cümləsinə “təhlükəsizliyinə” sözündən sonra “, həmçinin balıqçılıq sahəsində” sözləri əlavə ediləcək.

Dəyişiklik qəbul olunacağı təqdirdə, balıqçılıq sahəsi də sahibkarlıq subyektlərində yoxlamaların aparılması ilə bağlı qanunda nəzərdə tutulan istisnalar sırasına daxil ediləcək.

Təklif Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 20-ci bəndlərinə əsaslandırılır.
Qanun layihəsində bununla yanaşı, ətraf mühitə təsirin qiymətləndirilməsi ilə bağlı qanunvericiliyə də mühüm dəyişikliklər nəzərdə tutulur.