BAKI, 7 oktyabr. TELEQRAF

Azərbaycanda iri heyvandarlıq təsərrüfatlarının layihələndirilməsi zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi ilə bağlı yeni meyarların müəyyənləşdirilməsi təklif olunur.

Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanuna dəyişiklik layihəsinə əsasən, heyvandarlıq müəssisələri üzrə layihə heyvan saxlama tutumu 1000 baş iribuynuzlu heyvan ekvivalentinə bərabər və ya ondan çox olduqda bu fəaliyyət növü ƏMTQ tələb olunan fəaliyyətlər siyahısına daxil ediləcək.

Layihədə müxtəlif heyvan növlərinin iribuynuzlu heyvan ekvivalentinə çevrilməsi qaydası da müəyyən edilir. Belə ki, yaşından asılı olmayaraq təsərrüfatda mövcud bütün heyvanlar nəzərə alınmaqla 5 baş xırdabuynuzlu heyvan 1 baş iribuynuzlu heyvana bərabər hesab olunacaq.
At, dəvə, donuz və digər dırnaqlı heyvanların isə hər 1 başı 1 baş iribuynuzlu heyvana ekvivalent götürüləcək.

Beləliklə, yeni yanaşma heyvandarlıq təsərrüfatlarının yalnız faktiki heyvan sayına deyil, müxtəlif heyvan növlərinin müəyyən edilmiş ekvivalentlər üzrə ümumi tutumuna əsaslanacaq.

Qanun layihəsi qəbul edilərsə, bu meyarlara cavab verən müəssisələrin layihələndirilməsi zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi prosedurlarının tətbiqi nəzərdə tutulur.