BAKI, 7 oktyabr. TELEQRAF
Quşçuluq və balıqçılıq təsərrüfatları üçün yeni ƏMTQ hədləri təklif edilir.
Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Azərbaycanda quşçuluq və balıqçılıq təsərrüfatlarının layihələndirilməsi zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi üçün yeni hədlərin müəyyənləşdirilməsi təklif olunur.
“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanuna dəyişiklik layihəsində quşçuluq müəssisələri üçün 40 min baş toyuq ekvivalentinə bərabər və ya ondan çox quş saxlama tutumu meyarı müəyyən edilir.
Layihəyə əsasən, müxtəlif quş növləri toyuq ekvivalentinə çevriləcək. Belə ki, 1 baş dəvəquşu 25 baş toyuğa, 1 baş hinduşka və ya qaz 5 baş toyuğa, 8 baş bildirçin isə 1 baş toyuğa ekvivalent hesab olunacaq. Digər quş növlərinin hər 1 başı isə 1 baş toyuğa bərabər götürüləcək.
Balıqçılıq, o cümlədən akvakultura təsərrüfatları üçün isə illik əldə olunan balıq məhsullarının, həmçinin balıq və digər su bioresurslarının ümumi çəkisi üzrə 500 ton və daha çox hədd müəyyənləşdirilir.
Qanun layihəsində aqroparklarla bağlı da ayrıca meyar nəzərdə tutulur. Aqroparklar üzrə heyvandarlıq, quşçuluq və balıqçılıq fəaliyyətlərindən hər hansı biri üçün müəyyən edilmiş həddə çatıldıqda həmin fəaliyyət ƏMTQ tələb olunan fəaliyyətlər siyahısına daxil ediləcək.
Eyni zamanda, mövcud siyahının 34-cü maddəsinin ləğv edilməsi təklif olunur.
Dəyişikliklərin məqsədi kənd təsərrüfatı sahəsində ƏMTQ tələb olunan fəaliyyətlərin hədlərinin daha konkret müəyyənləşdirilməsi və müxtəlif heyvan və quş növləri üzrə vahid ekvivalentlərin tətbiq edilməsidir.