BAKI, 7 oktyabr. TELEQRAF
Azərbaycan Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında imzalanmış Anlaşma Memorandumunun təsdiq edilməsi təklif olunur.
Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Bununla bağlı “Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında qanun layihəsi hazırlanıb.
Sənəddə İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclasının təşkili ilə bağlı tərəflər arasında əldə olunmuş razılaşmaların hüquqi çərçivəsi müəyyənləşdirilir.
Qanun layihəsinin qəbul edilməsi ilə Azərbaycan Hökuməti ilə BMT-nin iqlim üzrə müvafiq qurumları arasında sözügedən tədbirlərin keçirilməsi ilə bağlı imzalanmış memorandumun təsdiqlənməsi nəzərdə tutulur.
Sənədin təsdiqi Azərbaycanın beynəlxalq iqlim gündəliyi çərçivəsində BMT-nin müvafiq strukturları ilə əməkdaşlığının davam etdirilməsi baxımından əhəmiyyət daşıyır.