BAKI, 7 oktyabr. TELEQRAF
Azərbaycanda aqroparkların layihələndirilməsi ilə bağlı ətraf mühitə təsirin qiymətləndirilməsi meyarlarının dəqiqləşdirilməsi təklif edilir.
Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Beləliklə “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanuna dəyişiklik layihəsində aqroparklar üçün ayrıca yanaşma müəyyənləşdirilir.
Təklifə əsasən, aqroparklar üzrə heyvandarlıq, quşçuluq və balıqçılıq təsərrüfatlarına dair fəaliyyət növlərindən hər hansı biri üçün müəyyən edilmiş həddə çatıldıqda ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunacaq.
Beləliklə, aqroparkların ƏMTQ-yə cəlb olunması üçün onların tərkibində həyata keçirilən ayrı-ayrı kənd təsərrüfatı fəaliyyətlərinin miqyası əsas meyarlardan biri olacaq.
Layihədə heyvandarlıq müəssisələri üçün 1000 baş iribuynuzlu heyvan ekvivalenti, quşçuluq müəssisələri üçün 40 min baş toyuq ekvivalenti, balıqçılıq və akvakultura təsərrüfatları üçün isə illik 500 ton məhsul həddi müəyyən edilir.
Qanun layihəsinin qəbul edilməsi kənd təsərrüfatı istehsalının iri miqyasda həyata keçirildiyi aqroparklarda ekoloji qiymətləndirmənin hansı hallarda aparılmasının daha dəqiq müəyyənləşdirilməsinə imkan verə bilər.