BAKI, 25 iyun. TELEQRAF

108 illik tarixində çox çətin və şərəfli bir inkişaf yolu keçən Ordumuz öz Şanlı Qələbəsi ilə nəinki ölkəmizin, eləcə də dünyanın hərb tarixində xüsusi yer tutur. Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan hər zaman özünün görkəmli sərkərdələri, hərbi xadimləri ilə tanınmışdır.

Bunu Teleqraf-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Komitə sədri bildirib ki, Azərbaycanın hərb sənətinin tarixi çox qədimdir və bu mənada xalqımız özünün tarixi hərbi uğurları ilə fəxr edə bilər.

"Cavanşir, Babək, Şəmsəddin Eldəniz, Məhəmməd Cahan Pəhləvan, Qara Yusif, Uzun Həsən və Şah İsmayıl Xətai kimi hökmdar və sərkərdələrimiz qələbə çaldıqları döyüşləri həyata keçirdikləri xüsusi taktikalar vasitəsilə əldə etmişdilər. XIX-XX əsrlərdə də Bakıda Bakıxanovlar, Qazaxda Şıxlinskilər və Vəkilovlar, Qarabağda Cavanşirlər, Naxçıvanda Kəngərlilər, Gəncədə Cavadxanlar və digər bölgələrdə yaşayan nəsillər içərisindən çıxmış generallar Azərbaycan xalqının şan-şöhrətini bütün dünyaya yaymışlar.

H.Hüseynova qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsindən sonra 1918-ci il iyunun 26-da Milli Ordunun yaradılması mühüm addım olub. Sonrakı dövrlərdə ordu quruculuğundakı nailiyyətlər isə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır:

"Sovet hakimiyyəti dövründə azərbaycanlı gənclərin hərb elminə yiyələnməsinə mane olmaq üçün onları əsasən tikinti batalyonlarına göndərirdilər. Bu siyasətin mahiyyətini yaxşı başa düşən Ulu Öndər 1970-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasına, gənclərin SSRİ-nin müxtəlif nüfuzlu hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail oldu. Müstəqillik bərpa olunduqdan sonra Birinci Qarabağ müharibəsində vuruşan zabitlərimizin 70 faizindən çoxu məhz bu liseyin yetirmələri idi. 1993-cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışı ilə orduda xaos və anarxiyaya son qoyuldu, nizami ordu quruculuğu islahatlarının əsası qoyuldu".

Deputat vurğulayıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyev bu siyasəti daha da gücləndirərək qısa vaxtda Azərbaycan Ordusunu Cənubi Qafqazın ən güclü ordusuna çevirib. Büdcə xərclərinin böyük hissəsinin hərbi sahəyə ayrılması, həm xaricdən silah alınması, həm də 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyinin yaradılması ilə yerli hərbi istehsalın başlanması ordumuzu qlobal miqyasda rəqabətədavamlı edib. Ulu Öndərin "Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır" ideyasını inkişaf etdirən Prezident İlham Əliyev həm cəsarəti, həm də humanizmi ilə dünyada yeni əsgər və zabit obrazı yaradıb.

Professor diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsi və 23 saat davam edən lokal xarakterli antiterror əməliyyatı Azərbaycan Silahlı Qüvvələrinin gücünü bir daha dünyaya nümayiş etdirib:

"Ordumuz XXI əsrin 5-ci nəsil müharibəsini apardı. Artıq dünyanın aparıcı hərbi məktəblərində, o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya kimi inkişaf etmiş ölkələrdə bizim uğurlarımız, Qələbəmiz və döyüş əməliyyatlarının bütün aspektləri öyrənilir. Rəşadətli ordumuz çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında elm, peşəkarlıq və hərbi məharət göstərərək torpaqlarımızı azad etdi. Müharibənin gedişi zamanı çatışmazlıqlar və qüsurlar da çevik şəkildə təhlil olunaraq aradan qaldırılırdı. Ali Baş Komandanın rəhbərliyi ilə keçirilən operativ müşavirələr və silah-sursatın ehtiyaclılıq səviyyəsinin təcrübədən keçirilməsi gələcəkdə hərbi təyinatlı məhsulların istehsalında daha real qərarların qəbul edilməsinə imkan verir. Dövlət başçısının qeyd etdiyi kimi, yüksək texnologiyalar və peşəkarlıq böyük dərəcədə hər bir ordunun uğurunu təmin edir".

Hicran Hüseynova əlavə edib ki, bu tarixi müharibənin əsl qalibi torpaqlarımızı azad edən, vətəndaşların keşiyində dayanan mərd əsgər və zabitlərimizdir: "Dövlət tərəfindən hərbçilərin, müharibə veteranlarının, qazilərin və şəhid ailələrinin sosial müdafiəsi üçün bütün imkanlar yaradılır, "YAŞAT" Fondu və Heydər Əliyev Fondu bu prosesdə fəal iştirak edir".