BAKI, 24 iyun. TELEQRAF
Rəqəmsal tədqiqatın aparılması qaydası müəyyən olunur.
Teleqraf xəbər verir, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən yeni fəsildə əksini tapıb.
Sənədə əsasən, informasiya infrastrukturu obyektlərində baş vermiş kiberinsidentlər barədə əldə edilən məlumatlar əsasında Rəqəmsal tədqiqat mərkəzi tərəfindən onların risk əsaslı qiymətləndirilməsi aparılır. Qiymətləndirilmənin nəticəsinə uyğun olaraq rəqəmsal tədqiqat mərkəzi rəqəmsal tədqiqatı aparılmalı olan kiberinsidentləri müəyyən edir.
Rəqəmsal tədqiqat mərkəzi tərəfindən sahə üzrə fəaliyyət göstərən Kompüter insidentlərinə qarşı mübarizə mərkəzləri (CERT) kiberinsidentlərin rəqəmsal tədqiqatının aparılmasına cəlb edilə bilərlər.
Rəqəmsal tədqiqat zamanı CERT-lər və ya Rəqəmsal tədqiqat mərkəzi tərəfindən əldə olunan məlumatların bütövlüyü qorunmalı, onların dəyişdirilməsinə, silinməsinə və ya saxtalaşdırılmasına yol verilməməli, rəqəmsal tədqiqat zamanı beynəlxalq kibertəhlükəsizlik standartlarına uyğun metod və vasitələrdən istifadə olunmalıdır.
Rəqəmsal tədqiqat prosesi CERT-lər və ya Rəqəmsal tədqiqat mərkəzi tərəfindən sənədləşdirilməli, rəqəmsal dəlillərin əldə edilməsi, saxlanılması, ötürülməsi, təhlili mərhələləri həmin sənəddə ardıcıl və izlənilə bilən formada əks olunmalıdır.
Rəqəmsal tədqiqat nəticəsində əldə olunan rəqəmsal dəlillər və rəqəmsal tədqiqata dair sənədlər Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanunlarında və digər normativ hüquqi aktlarında müəyyən edilmiş tədbirlərin görülməsi üçün müvafiq dövlət orqanına (qurumuna) təqdim edilir.
Rəqəmsal tədqiqatın rəsmiləşdirilməsi və nəticəsinə dair məlumatlar və sənədlər Rəqəmsal tədqiqat mərkəzi tərəfindən 3 ildən az olmayan müddətdə saxlanılmalıdır.