BAKI, 18 iyun. TELEQRAF

Səhiyyə və təhsil məsələlərinə həsr olunan komissiyanın işi müsbət və konstruktiv olacaq. Bu mövzular uzun müddətdir gündəliyimizdə yer almırdı.

Teleqraf xəbər verir ki, bunu Rusiya Federal Məclisinin Federasiya Şurası sədrinin birinci müavini, Rusiya tərəfdən həmsədr Andrey Yatskin Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisinin əməkdaşlıq üzrə Parlamentlərarası komissiyasının 24-cü iclasında deyib.

O qeyd edib ki, ki, qəbul olunan qərarlar həm parlament diplomatiyasının inkişafına, həm də səhiyyə, tibbi kadr hazırlığı və təhsil sahəsində əməkdaşlığın irəliləməsinə fayda verəcək:

"Burada parlamentarilər öz üzinə düşən işi yerinə yetirməlidirlər. Bu baxımdan müntəzəm görüşlər mühüm əhəmiyyət daşıyır. Biz ildə iki dəfə – biri Azərbaycanda, biri Rusiyada olmaqla, komissiyanın iclaslarını keçirmək ənənəsini qoruyub saxlayırıq. Düşünürəm ki, bunu davamlı şəkildə həyata keçirən yeganə komissiyalardan biriyik. Bəzən bəzi komissiyalar ildə bir dəfə belə iclas keçirə bilmirlər. Bizdə isə bu müntəzəmlik qorunur və bu, faktdır".

Andrey Yatskin bildirib ki, 2024-2026-cı illər üzrə təsdiq edilmiş parlamentlərarası əməkdaşlığın "Yol xəritəsi" mövcuddur: “Həmin tədbirlərin icrasını izləyirik. Növbəti parlamentlərarası komissiya iclasını keçirərkən artıq 2027–2028-ci illər üçün yeni "Yol xəritəsi"nin hazırlanmasını nəzərdə tuturuq. Düşünürəm ki, buna indidən hazırlaşmaq və bugünkü iclası hazırlayan aparatlara müvafiq tapşırıqlar vermək lazımdır. Bütün bunlar onu deməyə əsas verir ki, ölkələrimizi üfüqi səviyyədə çox geniş insan əlaqələri və münasibətlər şəbəkəsi birləşdirir”.