BAKI, 17 iyun. TELEQRAF

Azərbaycanın qarşısına qoyduğu əsas strateji hədəflərdən biri regionun aparıcı texnologiya mərkəzlərindən birinə çevrilməkdir.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov deyib.

R.Həsənov bildirib ki, son illərdə bu istiqamətdə kifayət qədər böyük işlər görülüb, rəqəmsal infrastruktura böyük investisiyalar yatırılıb, Azərbaycanda yüksək sürətli internetin əlçatanlığı tam şəkildə təmin edilib.

O qeyd edib ki, dövlət xidmətlərinin rəqəmsallaşması prosesi davam etdirilib, eyni zamanda yeni məlumat mərkəzlərinə və rəqəmsal platformalara investisiyalar yatırılıb.

Nazir müavini qeyd edib ki, texnologiya şirkətlərinin Azərbaycana investisiya yatırması üçün hüquqi və iqtisadi mexanizmləri artırmaq lazımdır.

"Bizim yanaşmamız bundan ibarətdir və bu gün burada müzakirəyə təqdim olunan layihələrin əsas məqsədi məhz innovasiya əsaslı iqtisadiyyata keçidin hüquqi, iqtisadi və institusional əsaslarını formalaşdırmaqdan ibarətdir. Rəqəmsal infrastrukturla yanaşı, bu innovasiyaları dəstəkləyən institusional mühiti də daim inkişaf etdirmək tələb olunur. Əks halda dünya çox sürətlə dəyişir və rəqabətdə ölkəmiz geri qala bilər. Azərbaycan innovasiya sahəsində öz potensialı olan yerdə deyil. Bizim ölkəmiz bundan qat-qat artığına layiqdir və bacarar. Bu baxımdan boşluqların və çatışmazlıqların müəyyən edilməsi üçün analiz və diaqnostika aparılıb. Hazırkı qanunvericilikdə startaplar üçün əsas maliyyələşmə alətləri qrantlar və bank kreditləridir", - deyə bildirib.

Onun sözlərinə görə, lakin bunların heç biri startaplar üçün dayanıqlı və davamlı maliyyə mənbəyi hesab edilmir.

"Nazirlik olaraq əsas funksiyalarımızdan biri ölkədə elə bir mühitin yaradılmasıdır ki, investorlar və yüksək ixtisaslı kadrlar Azərbaycanı özləri üçün hədəf ölkə kimi seçsinlər. Qlobal bazarda artıq ölkələr yalnız öz resurslarını qorumaq üçün deyil, eyni zamanda kapital və istedad uğrunda rəqabət aparırlar", - deyə nazir müavini bildirib.