BAKI, 17 iyun. TELEQRAF
Regionlarda həkkm çatışmazlığı var, ilkin səhiyyə xidməti çox bərbad haldadır. Bərdə rayonunda bu sahədə həyata keçirilən pilot layihə də o qədər uğurlu olmadı.
Teleqraf xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “Psixiatriya yardımı haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı komitə sədri Əhliman Əmiraslanov deyib.
Onun sözlərinə görə, psixiatriya sahəsində ciddi həkim çatışmazlığı ilə bağlı dəfələrlə Səhiyyə Nazirliyi, TƏBİB, Tibb Universiteti, ekspertlər səviyyəsində geniş və məhdud səviyyədə müzakirələr aparılıb.
Komitə sədri qeyd edib ki, uzun müddət bu sahədə aparılan müzakirələrin nəticəsi olaraq, Tibb Universitetini bitirən, rezidentura təhsili almamış həkimlərin regionlara göndərilməsi nəzərdə tutulur: “Tibb Universitetini bitirib rezidenturanı keçmədən həkimlər Təkmilləşmə İnstitutunda kurs keçməklə regionlardakı boşluqları doldurmaq üçün göndəriləcək. Bundan əlavə regionlardakı 65 yaşı tamam olan həkimlərin işləməsinə şərait yaradılması da planlaşdırılır. Bu istiqamətdə zəruri işlər aparılır. Əminəm ki, müsbət nəticə olacaq. İlkin səhiyyə xidmətinin vəziyyəti ilə bağlı da TƏBİB-in İcraçı direktoru Anar Bayramovla müzakirə aparmışıq, regionlarda modul tipli tibb məntəqələrinin yaradılması prosesinin sürətləndirilməsi haqda razılaşdıq. Elə kəndlər var, vaxtında müdaxilə edilmədiyindən xəstələri itiririk”.