BAKI, 12 iyun. TELEQRAF

"2025-ci il "Dövlət büdcəsinin icrası haqqında" Qanun layihəsi və "2025-ci il Dövlət büdcəsinin icrası barədə illik Hesabatı" yüksək səviyyədə hazırlanıb. Belə ki, Hesabatda 2025-ci ildə ölkədə formalaşmış makroiqtisadi mühit, dövlət büdcəsində nəzərdə tutulmuş gəlir və xərclərin, habelə dövlət proqramlarının, işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması və bərpası üçün ayrılmış vəsaitlərin icrası haqqında və digər mühüm məlumatlar öz əksini tapıb".

Teleqraf xəbər verir ki, bunu 2025-ci il dövlət büdcəsi ilə bağlı qanun layihəsinə münasibət bildirən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.

O qeyd edib ki, hesabatdan da göründüyü kimi, geosiyasi gərginliyin, qlobal çağırışların artdığı bir zamanda, Azərbaycanda makroiqtisadi sabitlik təmin edilib: "Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə ardıcıl olaraq iqtisadi və sosial islahatlar həyata keçirilir. Aztəminatlı və həssas təbəqədən olan insanların sosial müdafiəsinin gücləndirilməsi üçün nəzərdə tutulan layihələr davam etdirilir. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulur. Qısa müddət ərzində nəhəng tikinti işləri görülür. Yollar, körpülər, sosial infrastruktur layihələri, yenidən qurulan kəndlər, şəhərlər - bütün bunlar Azərbaycanın dövlətinin iqtisadi imkanlarının göstəricisidir.

Hesabatda bir çox istiqamətlər üzrə ayrılmış vəsaitlər haqqında geniş məlumatlar verilib. Məişət zorakılığına, insan alverinə, erkən nikaha məruz qalmış şəxslər, uşaqlara dair Strategiyanın həyata keçirilməsi, uşaqların doğulanadək cins seçiminin qarşısının alınması, 11 rayonda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyətinin təmin edilməsi və digər tədbirlərin maliyyə təminatı üçün 2025-ci ilin dövlət büdcəsindən müvafiq dövlət qurumuna 6,9 milyon manat vəsait ayrılıb. Bu da 2024-cü illə müqayisədə 11,3 faiz çoxdur. Hər il ayrılan vəsait artır. Bu, ailə institutunun möhkəmləndiriləməsi, qadın və uşaq hüquqlarının müdafiəsinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, dövlətin belə həssas və vacib sahəyə diqqətinin bariz nümunəsidir".

Deputat bildirib ki, son illərdə dövlət büdcəsinin icrası haqqında illik hesabatda ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticə əsaslı büdcə mexanizminə keçid sahəsində görülmüş işlər barəsində də məlumatlar verilir: "Burada “Təhsil”, “Kənd təsərrüfatı”, “Ətraf mühiti mühafizəsi” və “Sosial müdafiə və sosial təminat” sektorlarının fəaliyyəti, büdcə vəsaitlərinin təyinatı üzrə səmərəli və effektiv istifadənin icra vəziyyəti təhlil olunur. Müqayisəli təhlil əsasında strateji hədəflərin icrası və dövlət proqramlarının həyata keçirilməsi məqsədi ilə ayrılmış vəsaitlər haqqında şərhlər verilir. Bununla yanaşı, biz ümumi rəqəmləri görürük. Çox yaxşı olardı ki, bu vəsaitlərdən faydalananlar haqqında daha detallı indikatorlar göstərilsin. Əgər biz nəticə yönümlülük prinsipini əsas götürürüksə, burada büdcə xərclərinin effektivliyi qadın və kişilər, qız və oğlanlar üçün yaranan real sosial və iqtisadi nəticələri qiymətləndirilməlidir.

Onu da qeyd edim ki, göstəricilər də var. Lakin, hesabatda da bu öz əksini tapsa, daha yaxşı olardı. Bildiyiniz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə, 2026–2028-ci illər üçün "Gender (kişi və qadınların) bərabərliyi üzrə Milli Fəaliyyət Planı" təsdiq edilib. Bu sənəddən irəli gələrək, “Gender büdcəsi” anlayışını nəzərdən keçirməyi və gələcəkdə qanunvericilikdə təsbit olunmasını təklif edirəm. Gender büdcəsi sosial və iqtisadi siyasətin daha ədalətli və inklüziv formalaşdırılması; dövlət resurslarının səmərəli və məqsədyönlü istifadəsi üçün imkanlar yaradır. İkinci məsələ, bir neçə ay bundan əvvəl "Uşaq hüquqları haqqında" Qanun qəbul olundu. Həmin qanunun 5-ci maddəsinin 5.1.2-ci bəndində qeyd olunur ki, uşaqların mənafelərinin üstünlüyü prinsipindən irəli gələrək dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, dövlət büdcəsinin proqnozlaşdırılmasında nəzərə alınmalıdır.

Növbəti illərdə dövlət Büdcəsi haqqında illik hesabatlarda bu bəndlə bağlı məlumatların olmasını təklif edirəm. ”Bütövlükdə, mən də qanun layihəsini, hesabatı əhatəli hazırlanmış sənəd hesab edirəm, ona səs verəcəyəm”.