BAKI, 29 sentyabr. TELEQRAF

27 sentyabr - Anım Günündə Prezident İlham Əliyevin Gəncə şəhərinə səfəri tarixi, simvolik məna kəsb edir.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən payız sessiyası üzrə növbəti iclasında komitə sədri Hicran Hüseynova deyib.

O qeyd edib ki, Azərbaycan dövləti sülhü, əməkdaşlığı təşviq etsə də dünəni heç vaxt unutmadığını nümayiş etdirir: “Gəncədə ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinin uşaqları ilə keçirilən görüşlər onlara olan qayğının bariz nümunəsidir. Bu eyni zamanda terrorun, insan qətliamının heç vaxt unudulmadığını da göstərir”.

Komitə sədri bildirib ki, bir neçə gün öncə Anım Günü qeyd edildi: "27 sentyabr adi bir gün deyil- Bizim Tarixi Zəfərimizin başlandığı gündür.

44 gün davam edən Zəfər yolumuz ərazi bütövlüyümüzün bərpa olunması ilə bitdi. 30 ilə yaxın davam edən erməni işğalına, ədalətsizliyə son qoyan bu tarix 2023-cü ildə 1 günlük anti terror əməliyyatı ilə başa çatdı. Və Azərbaycan öz ərazi bütövlüyünü və suveren hüquqlarının təmin etdi. Bir daha şəhdilərimizi böyük ehtiramla yad edirik! Bizim onların əziz xatirələri və ailələri qarşısında əbədi mənəvi borcumuz var! Qazılərimizə Allahdan şəfa arzulayırıq!

Dünən Gəncə şəhərində xüsusi simvollarla seçilən 3-cü MDB Oyunlarının təntənəli açılış mərasimi keçirildi. Əlbəttə, 27 sentyabr Anım Günündə ölkə başçısının Gəncə şəhərinə səfəri rəmzi məna daşıyır.

Bir tərəfdən Azərbaycan sülh və təhlükəsizliyin təmin olunması üçün əzmkarlıq göstərir. Digər tərəfdən biz xalq olaraq, dövlət olaraq tariximizi unutmuruq, terrorun nə qədər dəhşətli və amansız olduğunu bütün dünyaya nümayiş etdirik! Eyni zamanda, dövlət gənc nəslin sağlam, savadlı, hərtərəfli inkişafı üçün necə bir şərait yaratdığını görürük! Gəncədə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ərafında Gəncə terrorundan əziyyət çəkən, valideynlərini, ailə üzvlərini itirən uşaqları gördük! Dövlətimiz hər bir uşağa qayğı ilə yanaşır. Onların hüquqlarının qorunması üçün bütün imkanları yaradır. Bizim gələcəyimiz olan uşaqlara böyük inamımız var.

Onlar bunu Vətən müharibəsində, mötəbər idman və bilik yarışlarında sübut ediblər. Və yenə də edəcəklər! Biz buna əminik!"

Hicran Hüseynova deyib ki, uşaqlar ailənin davamçısı olduğu kimi, həm də dövlətin gələcəyidir:

"Onların sağlam, savadlı, vətənpərvər və rəqabətə dayanıqlı vətəndaş kimi böyüməsi üçün bütün gücümüzü səfərbər etməliyik.
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi qayğısı və diqqəti nəticəsində daha da gücləndirilib. Ötən illər ərzində uşaqların həyatı, onların hüquqlarının müdafiəsi, inkişafı ilə bağlı çox böyük işlər görülüb, güclü qanunvericilik bazası yaradılıb. Milli Məclisin spikeri hörmətli Sahibə xanım Qafarovanın dəstəyi ilə Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsi olaraq, uşaq hüquqlarına dair müxtəlif mövzulara aid ictimai dinləmələr keçiririk. Milli Məclisdə uşaqlarla görüşlərimiz olur, onların problemlərini dinləyirik.

Eyni zamanda, qeyd etmək istərdim ki, yeni reallıqlar və çağırışlar fonunda uşaq hüquqlarının müdafiəsi sahəsi ildən- ilə təkmilləşir. Çoxlu sayda yeni qanunlar qəbul edilir, mövcud qanunlara əlavə və dəyişikliklər olunur. Bildiyimiz kimi, Azərbaycan Prezidentinin sərəncamı ilə "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"na edilən dəyişikliyə əsasən, “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi hazırlanır.

Uşaqlar cəmiyyətin ən həssas və kövrək təbəqəsidir. Onların hüquq və mənefelərinin daim üstün tutulması dövlətin əsas prioritet istiqamətlərindən biridir. Bu gün müzakirə edəcəyimiz qanun layihəsi də bu baxımdan əhəmiyyətlidir. Bu dəyişiklik “valideynlərini itirmiş” və “valideyn himayəsindən məhrum olmuş” uşaq anlayışlarının vahid və sistemli şəkildə istifadə olunması ilə bağlıdır. Məqsədimizin fərqli anlayışların aradan qaldırılmasıdır. Və bu uşaqların hüquqlarının daha da təkmilləşdirilməsidir".