BAKI, 4 iyul. TELEQRAF

Milli Məclis Konstitusiya Məhkəməsinə yeni hakimləri təsdiq edib.

Teleqraf xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakiyə çıxarılan "Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında" Qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Rəşid Rzayev, Otari Qvaladze, Fərhad Tutayuk və Rauf Quliyev Konstitusiya Məhkəməsinin hakimləri təyin olunublar.

Daha sonra yeni təyin olunan hakimlər parlament qarşısında and içiblər.

Qeyd edək ki, Konstitusiya Məhkəməsinin hakimləri - Kamran Şəfiyev, Ceyhun Qaracayev, Rövşən İsmayılov və Sona Salmanovanın səlahiyyət müddəti başa çatır.

Müzakirələrdən sonra layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin II hissəsinə uyğun olaraq Konstitusiya Məhkəməsinin hakimlərini Azərbaycan Respublikası prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.