BAKI, 12 oktyabr. TELEQRAF

İspaniyanın “Barselona” klubu əfsanəvi futbolçusu Lionel Messi üçün vida mərasimi təşkil edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Kataloniya klubunun keçmiş idarə heyətinin üzvü Toni Freyşa açıqlama verib.

Onun sözlərinə görə, argentinalı hücumçu ilə vida mərasimi növbəti il yarım ərzində “Kamp Nou” stadionunda keçiriləcək. Bu qərarın artıq təsdiqləndiyi bildirilib.

Lionel Messi “Barselona”nın yetirməsidir. O, 2004-cü ildən 2021-ci ilə qədər klubun əsas komandasında çıxış edib. Bu müddət ərzində argentinalı futbolçu 10 dəfə İspaniya çempionu olub, dörd dəfə UEFA Çempionlar Liqasının qalibi adını qazanıb.

Messi 2021-ci ildə Kataloniya təmsilçisinin maliyyə problemləri səbəbindən komandadan ayrılıb. O, 2023-cü ilin yayından ABŞ-ın “İnter Mayami” klubunda çıxış edir. 39 yaşlı hücumçunun Amerika klubu ilə müqaviləsi 2028-ci ilin sonuna qədər qüvvədədir.