BAKI, 12 oktyabr. TELEQRAF
Cəhalətlə, mövhumatla mübarizədə ən böyük silah təhsildir, ilk silah da təhsildir.
Bunu Teleqraf-a açıqlamasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev deyib.
O bildirib ki, təhsil olmadan bununla mübarizə aparmaq mümkün deyil.
“Bu, elə 19-cu əsrin sonlarında Azərbaycanda maarifçilik hərəkatında da özünü göstərdi. Bizim ziyalılar məhz xurafata, mövhumata, cahilliyə qarşı maarifçilik hərəkatına başladılar. Maarifçilik də təhsilin bir hissəsidir. Təəssüflər olsun ki, 100 ildən çox vaxt keçməsinə baxmayaraq, bu gün də bizim cəmiyyətdə həmin o nüanslar qalmaqdadır. Yenə də biz ənənəvi sistemi davam etdirib, təhsili gücləndirmək, inkişaf etdirməklə, təhsilli şəxslərin sayını artırmaqla bunun qarşısını ala bilərik”, - o vurğulayıb.
O.İsayev Azərbaycanın dünyəvi və sekulyar dövlət olduğunu vurğulayaraq deyib ki, təhsil də hər bir müasir dövlətin ən prioritet sahələrindən biridir:
“Burada Azərbaycan dövləti təhsili inkişaf etdirməyi qarşısına məqsəd qoyub və dünyəvilik prinsipini tətbiq edir. Təbii ki, dünyəvilik prinsipi təkcə geyimlə ölçülmür. Amma geyim bu sahədə atılan ilk addımlardan biridir. Çünki şagird məktəbə, təhsil müəssisəsinə daxil olarkən özünü digərlərindən fərqli hiss etməməlidir. Həm dini, etnik baxımdan, həm də geyimlə fərdi baxımdan fərqli hiss etməməlidir. Yəni Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi və “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında qərarlar da digər məsələlərdə bu fərqlərin aradan qaldırılmasına xidmət edir. Bu, sırf dinə qarşı atılan bir addım və yaxud da kiminsə dini inancına müdaxilə deyil. Azərbaycan tarixən multikultural dəyərlərə, tolerantlığa qiymət verib. Azərbaycan əhalisinin 95%-dən yuxarı hissəsi müsəlmandır. Azərbaycan dövlətinin dinlə bağlı gördüyü işləri sadalasaq, bizim xeyli vaxtımız gedər.
Azərbaycan İslam dəyərlərinə, adət-ənənələrinə böyük ehtiram göstərilir, Prezident İlham Əliyevin himayəsi ilə tarixi-dini abidələrimiz, ziyarətgahlar bərpa olunur, yeni ibadət ocaqları inşa olunaraq dindarların istifadəsinə verilir. İşğaldan azad olunan torpaqlarda ilk olaraq məscidlər bərpa edildi. Dünya təhsil sisteminə inteqrasiya istiqamətində inkişaf etdirmək istəyiriksə, məhz bu cür məsələlərdə diqqətli olmalıyıq. Dünyəvilik prinsipi tətbiq olunursa, ayrı-seçkiliyə yol vermək olmaz. Azərbaycan dövlətinin yürütdüyü siyasət təhsildə də özünü göstərməlidir”.